9-15.1. Kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun investisiya bəyannaməsi fondun tam ortaqlarının qərarı ilə qəbul edilir.
9-15.2. Kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun investisiya bəyannaməsində aşağıdakılar göstərilir:
9-15.2.1. vençur kapitalı fondunun və idarəçinin (olduqda) tam adı və yerləşdiyi ünvan;
9-15.2.2. qiymətləndiricinin və ya qiymətləndirici təşkilatın (olduqda) tam adı, fəaliyyəti və hüquqi ünvanları;
9-15.2.3. fondun investisiya strategiyası, şərtləri, istiqamətləri və sahələri haqqında məlumat;
9-15.2.4. fondun aktivlərinin diversifikasiyası şərtləri;
9-15.2.5. investisiyaların həyata keçirilməsi ilə bağlı risklər;
9-15.2.6. investisiya fəaliyyətinə dair məhdudiyyətlər;
9-15.2.7. fondun aktivləri hesabına idarəçiyə digər şəxslərə ödəniləcək mükafatların, xərclərin və xidmət haqlarının hesablanma qaydaları və maksimum həcmi;
9-15.2.8. mənfəət və zərərin bölüşdürülməsi qaydası;
9-15.2.9. vençur kapitalı fondundan və iştirakçılardan qanunvericiliklə nəzərdə tutulmuş vergilər və onların ödənilməsi qaydası barədə məlumat;
9-15.2.10. fondun fəaliyyətinə dair məlumatların açıqlanması qaydaları;
9-15.2.11. vençur kapitalı fondunun müddəti və investisiyalardan çıxış strategiyası;
9-15.2.12. investisiya bəyannaməsinə əlavə və dəyişikliklərin edilmə proseduru və investorların məlumatlandırılması qaydası;
9-15.2.13. investisiya portfelinə dair tərtib olunan hesabatın əsas valyutası;
9-15.2.14. bu Qanunun 9-1.10-cu maddəsində göstərilən məlumatlar.
9-15.3. Kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun investisiya bəyannaməsinin təsdiq edilməsi barədə qərar fondun tam ortaqları tərəfindən qəbul edildikdən sonra 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilir. Mərkəzi Bank investisiya bəyannaməsini 10 iş günü ərzində qeydiyyata alır.
9-15.4. Kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun investisiya bəyannaməsi ictimaiyyətə açıqlanmır (dərc edilmir), lakin bütün iştirakçılara təqdim edilməlidir.