9-16.1. Məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan vençur kapitalı fondu yalnız azad hesabatlı vençur kapitalı fondu rejimində fəaliyyət göstərə bilər.
9-16.2. Məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan azad hesabatlı vençur kapitalı fondunun nizamnamə kapitalı iştirakçıların bəyan etdiyi ödənilməmiş kapital öhdəliyi prinsipi əsasında formalaşdırıla bilər. İştirakçılar nizamnamə kapitalındakı paylarını (kapital öhdəliyini) fondun nizamnaməsində və ya investisiya bəyannaməsində müəyyən edilmiş investisiya dövrü ərzində, vençur kapitalı fondunun və ya onun idarəçisinin yazılı tələbi əsasında, tələbdə göstərilən və 30 (otuz) iş günündən çox olmayan müddətdə ödəyirlər. İnvestisiya dövrü başa çatdıqda iştirakçıların tələb olunmamış və ödənilməmiş kapital öhdəliklərinə xitam verilir və fondun nizamnamə kapitalı faktiki ödənilmiş məbləğə qədər azaldılır.
9-16.3. İştirakçı kapital öhdəliyini yazılı tələbdə müəyyən edilmiş müddətdə icra etmədikdə, fondun nizamnaməsində və ya təsis sənədlərində nəzərdə tutulmuş qaydada həmin iştirakçıya qarşı aşağıdakı tədbirlərdən biri və ya bir neçəsi tətbiq edilə bilər:
9-16.3.1. ödənilməmiş məbləğə münasibətdə cərimələrin və ya dəbbə pulunun hesablanması;
9-16.3.2. fondun idarə edilməsində səsvermə hüququnun və fondun mənfəətindən (gəlirindən) pay almaq hüququnun məhdudlaşdırılması və ya dayandırılması;
9-16.3.3. iştirakçının fonddakı ödənilməmiş pay hissəsinin və ya əvvəllər ödəmiş olduğu məbləğlərin məcburi qaydada fondun digər iştirakçılarına, yaxud üçüncü şəxslərə (peşəkar investorlara) satılması.
9-16.4. Fondun iştirakçılarının sayı əllidən çox ola bilməz.
9-16.5. İştirakçılar fondun öhdəlikləri üzrə məsuliyyət daşımır və fondun fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar.
9-16.6. Fondun fəaliyyət müddəti ərzində iştirakçının cəmiyyətdən çıxmaq və payının dəyərini tələb etmək hüququ nizamnamə ilə məhdudlaşdırıla bilər.
9-16.7. Məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan vençur kapitalı fondu azı iki iştirakçı tərəfindən yaradılır.