82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət icra məmurları (bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlara münasibətdə həmçinin xüsusi icra məmurları) tərəfindən icra edilir.
82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.
82.3. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır:
82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması;
82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi;
82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi.
82.4. İnzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərarında “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilən müvafiq məlumatlar əks olunmalı və həmin qərar pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktla birlikdə icra qurumuna göndərilməlidir.