83.1. Borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktın könüllü qaydada icrası üçün maraqlı şəxsə kifayət qədər müddət (ən azı 10 gün) təyin edilməlidir.
83.2. Bu Qanunun 83.1-ci maddəsinə uyğun olaraq təyin olunmuş müddət ərzində könüllü qaydada icra olunmayan inzibati akt məcburi qaydada icra edilir.
83.3. Borclunu müəyyən hərəkətləri etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktın məcburi qaydada icrası aşağıdakı məcburi icra tədbirləri vasitəsilə təmin oluna bilər:
83.3.1. inzibati aktla nəzərdə tutulmuş hərəkətin borclunun (maraqlı şəxsin) hesabına başqa şəxs və ya inzibati orqan tərəfindən icra edilməsi;
83.3.2. cərimə;
83.3.3. bilavasitə məcburetmə.
83.4. Maraqlı şəxs məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə inzibati orqan tərəfindən əvvəlcədən xəbərdar edilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda maraqlı şəxs məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə əvvəlcədən xəbərdar edilməyə bilər.
83.5. Xəbərdarlıq yazılı formada olur və bu Qanunla müəyyən olunmuş qaydada maraqlı şəxsə rəsmi təqdim olunur.
83.6. Xəbərdarlıqda inzibati aktın könüllü qaydada icrası üçün təyin olunmuş müddət və həmin müddət başa çatdıqdan sonra tətbiq olunması nəzərdə tutulan məcburi icra tədbirinin müvafiq növü göstərilir. Xəbərdarlıqda yalnız bir məcburi icra tədbiri nəzərdə tutula bilər. Əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqinə yol verilir. Məcburi icra tədbirləri inzibati akt icra olunana qədər təkrarlana, sərtləşdirilə və ya dəyişdirilə bilər.
83.7. Xəbərdarlıqda icra edilməli inzibati akta istinad olunmalı və məcburi icra tədbirlərinin tətbiqi əsasları göstərilməlidir.
83.8. İnzibati orqan məcburi icra tədbirlərinin tətbiqi zamanı mütənasiblik prinsipinə əməl etməyə borcludur.
83.9. Şəxs inzibati aktı icra etdiyi halda məcburi icra tədbirlərinin tətbiqi dərhal dayandırılmalıdır.