14.1. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır:
14.1.1. ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə;
14.1.2. əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə;
14.1.4. ipoteka predmeti özgəninkiləşdirildikdə;
14.1.5. ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə.
14.2. İpotekanın əlavə dövlət qeydiyyatı haqqında ərizəyə ipoteka müqaviləsində dəyişikliklərin edilməsi, tələbin başqa şəxsə keçməsi, ipoteka predmetinin özgəninkiləşdirilməsi və ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilmiş surəti əlavə edilir.
14.2-1. İpotekanın əlavə dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
14.3. İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti dəyişdikdə, ipoteka predmeti dəyişdirildikdə və ya özgəninkiləşdirildikdə müvafiq olaraq ipoteka kağızında dəyişikliklər aparılır və əlavə dövlət qeydiyyatına alınır.
14.4. İpoteka kağızı ilə rəsmiləşdirilən ipotekanın əlavə dövlət qeydiyyatı ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə aparılır.
14.5. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən və daşınar əmlakın rəsmi reyestrindən çıxarışla, ipoteka kağızında isə müvafiq qeydin edilməsi ilə təsdiq edilir.