8.1. Podratçılar və subpodratçılar onlara tətbiq edilən xüsusi iqtisadi rejimin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Xüsusi iqtisadi rejim aşağıdakı hallarda pozulmuş hesab edilir:
8.1.1. ödənilməli olan vergilərin, məcburi dövlət sosial sığorta haqlarının, icbari tibbi sığorta haqlarının, işsizlikdən sığorta haqqlarının və ya gömrük rüsumlarının azaldılması və ya bunlardan yayınmaq məqsədi ilə xüsusi iqtisadi rejimlə verilən imtiyazlardan qeyri-ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsində istifadə edilməsi;
8.1.2. şəxsin bu Qanunla müəyyən edilmiş podratçı və ya subpodratçı statusu dəyişdikdə, müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat verib-verməməsindən asılı olmayaraq əvvəlki statusuna aid olan hüquqi rejimdən istifadə etməklə vergilərin və digər ödənişlərin məbləğini azaltması;
8.1.3. xüsusi iqtisadi rejimlə verilmiş imtiyazlardan Azərbaycan Respublikasının rəqabət qanunvericiliyinin tələblərinə zidd olan məqsədlər üçün istifadə edilməsi.
8.2. Podratçılar və subpodratçılar xüsusi iqtisadi rejimin pozulması nəticəsində dəymiş ziyanı, tətbiq edilmiş maliyyə sanksiyalarını və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər ödənişləri tam həcmdə və vaxtında aidiyyəti üzrə ödəməlidirlər.
8.3. Dəymiş ziyanın ödənilməsi ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.