11.1. Kəşfiyyat fəaliyyəti subyektləri bu fəaliyyətin məqsədlərinə nail olmaq üçün aşağıdakı tədbirləri həyata keçirə bilərlər:
11.1.1. vətəndaşların sorğusu;
11.1.2. soraqlaşma;
11.1.3. radioelektron, video, audio, kino və fotoçəkilişlərinin aparılması;
11.1.4. rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması;
11.1.5. əşya və sənədlərin tədqiqi;
11.1.6. müqayisəli tədqiq üçün nümunələrin toplanılması;
11.1.7. şəxsiyyətin eyniləşdirilməsi;
11.1.8. nəzarətli göndərişlərin həyata keçirilməsi;
11.1.9. hüquqi şəxsin yaradılması.
11.2. Kəşfiyyat fəaliyyəti həyata keçirilərkən bu fəaliyyətin mahiyyətinə uyğun dövlət sirri təşkil edən xüsusi tədbirlərdən, metod və vasitələrdən istifadə edilə bilər.
11.3. Azərbaycan Respublikasının ərazisində öz vətəndaşları barədə kəşfiyyat fəaliyyətinin xüsusi tədbirlərinin, metod və vasitələrinin tətbiq edilməsinə yol verilmir.
11.4. Əks-kəşfiyyat fəaliyyətinin subyektləri bu fəaliyyəti həyata keçirərkən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş əməliyyat-axtarış tədbirlərini və dövlət sirri təşkil edən digər xüsusi tədbirləri tətbiq edirlər.
11.5. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün səbəblər və əsaslar, onların tətbiqi şərtləri, həyata keçirilməsi, bu tədbirlərə dair qərarların, yazılı tapşırıqların və sorğuların verilməsi, habelə keçirilən tədbirlərin nəticələrindən istifadə edilməsi qaydaları “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir.
11.6. Kəşfiyyat və əks-kəşfiyyat tədbirləri həyata keçirilərkən konspirasiya prinsipinə əsasən xüsusi xidmət orqanlarının qüvvə, vasitə, hərəkət, plan və niyyətlərinin xarici təzahürləri gizlədilə, həmçinin rəqibin aldadılması məqsədi ilə münasib niyyətləri və hərəkətləri təqlid edən davranış modeli tətbiq edilə bilər.
11.7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə bağlı tədbirlərin hazırlanması və həyata keçirilməsi qaydası, həmçinin istifadə edilməli gizli üsul və vasitələr, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərini özündə əks etdirən əməliyyat-qeydiyyat işlərinin başlanılması, növləri, qeydiyyatı, aparılması qaydaları, habelə bu işlərə dair materialların saxlanılması müddətləri kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin normativ hüquqi aktları ilə müəyyən olunur.