12.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin nəticələri barədə məlumatlar ümumiləşdirilərək milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün mütəmadi olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
12.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin nəticələri:
12.2.1. milli təhlükəsizliyin təmin olunması sahəsində dövlət proqramlarının hazırlanmasında;
12.2.2. milli təhlükəsizliyin təmin olunması ilə bağlı qanunların və digər normativ hüquqi aktların, beynəlxalq saziş və müqavilələrin layihələrinin hazırlanmasında və ya onlara dair təkliflərin verilməsində;
12.2.3. kəşfiyyat fəaliyyətinin prioritetlərinin müəyyən edilməsində;
12.2.4. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin qiymətləndirilməsində və təkmilləşdirilməsində;
12.2.5. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə konkret göstərişlərin hazırlanmasında;
12.2.6. milli təhlükəsizliyə təhdidlərin proqnozlaşdırılmasında;
12.2.7. siyasi, iqtisadi, hərbi, elmi-texniki və milli təhlükəsizliyin təminatı ilə bağlı digər sahələrdə qərarların qəbul edilməsində;
12.2.8. iqtisadi inkişafa, elmi-texniki tərəqqiyə nail olunmasında;
12.2.9. dövlət sirlərinin mühafizəsi işinin təkmilləşdirilməsində;
12.2.10. cinayət təqibinin başlanmasında istifadə edilə bilər.
12.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin nəticələri cinayət prosesində, bir qayda olaraq, bu şərtlə istifadə edilir ki, onlar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq surətdə əldə edilmiş olsun. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin nəticələri yalnız xüsusi xidmət orqanının səlahiyyətli şəxsinin qərarı əsasında ibtidai araşdırmanı aparan orqana və ya məhkəməyə verilə bilər.
12.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti nəticəsində əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət prosesində sübut kimi qəbul edilməsinin mümkünlüyü Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilir.