Qanunvericilik › Kraudfandinq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Operatorun reyestrdən çıxarılması

Kraudfandinq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Mərkəzi Bank aşağıdakı hallarda operatoru reyestrdən çıxarır:

19.1.1. operator müraciət etdikdə;

19.1.2. reyestrə daxil edilməsi üçün təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar sonradan aşkar edildikdə;

19.1.3. Mərkəzi Banka bilərəkdən yanlış hesabat və (və ya) məlumat təqdim edildikdə və ya ardıcıl olaraq sonuncu iki hesabat tarixinə hesabat təqdim edilmədikdə;

19.1.4. operator nəzarət tədbirləri çərçivəsində Mərkəzi Bankın verdiyi icrası məcburi olan göstərişlərə əməl etmədikdə;

19.1.5. operatorun bu Qanunla nəzərdə tutulmayan fəaliyyətlə məşğul olması müəyyən edildikdə;

19.1.6. reyestrə daxil edildiyi gündən 12 (on iki) ay ərzində operator fəaliyyətə başlamadıqda və ya fəaliyyət dövrü ərzində ardıcıl olaraq 2 (iki) il ərzində operator fəaliyyətini göstərmədiyi müəyyən edildikdə;

19.1.7. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin operatora təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda;

19.1.8. operator ləğv edildikdə və ya müflis elan edildikdə;

19.1.9. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinin pozulmasına görə operatora 1 (bir) il ərzində 2 (iki) dəfədən artıq inzibati tənbeh tətbiq edildikdə.

19.2. Mərkəzi Bank operatorun reyestrdən çıxarılması qərarı barədə məlumatı həmin qərar qəbul edildiyi tarixdən sonrakı iş günündən gec olmayaraq öz rəsmi internet saytında yerləşdirməli və operatora təqdim etməlidir.

19.3. Operatora reyestrdən çıxarılması barədə qərar təqdim edildiyi gündən operator qərarda göstərildiyi tarixdən platformanın idarə edilməsi üzrə fəaliyyətini dayandırmalı və dərhal investorlara və layihə sahiblərinə bu barədə məlumat verməlidir.

19.4. Reyestrdən çıxarılması haqqında Mərkəzi Bankın qərarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi Mərkəzi Bankın qərarının icrasını dayandırmır.

19.5. Reyestrdən çıxarılmış operator reyestrdən çıxarılması barədə qərarı aldığı tarixdən 2 (iki) ay ərzində öz adında müvafiq dəyişiklik etməli və həmin dəyişikliyi dövlət qeydiyyatına aldırmalıdır.

19.6. Bu Qanunun 19.5-ci maddəsində nəzərdə tutulmuş tələbə riayət edilmədikdə Mərkəzi Bank məhkəmə qaydasında hüquqi şəxsin adında müvafiq dəyişikliyin edilməsi üçün tədbirlər görür.

19.7. Bu Qanunun 19.1.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, reyestrdən çıxarılmış hüquqi şəxs müvafiq qərarın qəbul edildiyi tarixdən 1 (bir) il ərzində operatorların reyestrinə yenidən daxil edilmək üçün müraciət edə bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver