Qanunvericilik › Kredit büroları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna təqdim edilməsi

Kredit büroları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Məlumat təchizatçısı kredit bürosuna kredit tarixçələrini təşkil edən məlumatı kredit bürosu ilə bağladığı müqaviləyə əsasən təqdim edir. Məlumat təchizatçısı bir və ya bir neçə kredit bürosu ilə müvafiq məlumatın təqdim edilməsi barədə müqavilə bağlaya bilər.

17.2. Məlumat təchizatçısı kredit bürosuna kredit tarixçələrini təşkil edən məlumatı bu Qanunun 14.0.1-ci maddəsində nəzərdə tutulmuş razılığın alınması faktını təsdiq etməklə kredit bürosuna təqdim etməlidir. Məlumat təchizatçısı kredit tarixçəsi subyektlərinin razılıqlarını, hər bir borc və ya digər hal üzrə son məlumatın kredit bürosuna təqdim edilməsi tarixindən 5 il müddətində öz arxivində saxlayır.

17.3. Məlumat təchizatçısı kredit bürosu ilə bağlanmış müqavilədə müəyyən olunmuş müddətdə, lakin dəyişiklikliyin baş verdiyi gündən 30 gündən gec olmayaraq borcun vəziyyəti (və ya digər hal üzrə son vəziyyət) barədə məlumatı kredit bürosuna təqdim etməlidir.

17.4. Kredit bürosuna kredit tarixçələrini təşkil edən məlumatlar elektron formada təqdim edilir.

17.5. Bu Qanunun 16.1.10-cu və 16.1.11-ci maddələrində nəzərdə tutulmuş neqativ məlumatlar fəaliyyətlərinə aid olan hissədə məhkəmələr (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi istisna olmaqla), məcburi icra orqanları və notariuslar tərəfindən müvafiq icra hakimiyyəti orqanı vasitəsi ilə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi, müvafiq icra hakimiyyəti orqanı (o cümlədən strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların adından), Mərkəzi Bank və Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən isə birbaşa EHİS-də yerləşdirilir. Həmin məlumatların EHİS-də yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver