18.1. Kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, düzgün olmayan məlumatın aradan qaldırılması üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına müraciət edə bilər. Müraciətə məlumatın düzgün olmamasını təsdiq edən sənədlərin surətləri əlavə edilməlidir.
18.2. Kredit bürosu, kredit tarixçəsi subyektinin müraciətini aldıqdan sonra növbəti iş günündən gec olmayaraq kredit tarixçələrinin məlumat bazasının müvafiq hissəsinə “dəqiqləşdirilir” qeydini daxil edir və məlumatın düzgünlüyünün yoxlanılması üçün məlumat təchizatçısına sorğu göndərir. Müraciət kredit tarixçəsində olan bu Qanunun 6.4-cü maddəsində göstərilən məlumatla bağlı olduqda, kredit bürosu 2 iş günü müddətində məsələni araşdırır və nəticəsindən asılı olaraq səhvi düzəldir və səhv kredit hesabatını almış məlumat istifadəçilərinə xidmət haqqı tələb edilmədən yeni kredit hesabatını verir, məlumatın düzgün olduğunu müəyyən etdikdə isə kredit tarixçəsinin subyektinə müraciətin baxılmasının nəticələri barədə əsaslandırılmış cavab verir.
18.3. Məlumat təchizatçısı sorğunu aldığı gündən 3 iş günü müddətində kredit tarixçəsinin subyekti haqqında kredit bürosuna verdiyi məlumatın düzgünlüyünü yoxlayır, məlumatın düzgün olması və ya aşkar edilmiş səhvin aradan qaldırılması barədə kredit bürosuna müvafiq məlumat göndərir.
18.4. Səhvin aradan qaldırılması barədə məlumat daxil olduğu gündən kredit bürosu 2 iş günü müddətində kredit tarixçəsində səhvi düzəldir, səhv kredit hesabatını almış məlumat istifadəçilərinə xidmət haqqı tələb edilmədən yeni kredit hesabatını verir. Bu Qanunun 18.3-cü maddəsinə uyğun olaraq məlumatın düzgün olması barədə məlumat daxil olduğu gündən kredit bürosu 2 iş günü müddətində kredit tarixçəsinin subyektinə müraciətin baxılmasının nəticələri barədə əsaslandırılmış cavab verir.
18.5. Bu Qanunun 18.2-ci maddəsinin birinci cümləsinə uyğun olaraq müvafiq qeyd daxil edildiyi andan bu Qanunun 18.2-ci maddəsinin ikinci cümləsinə və 18.4-cü maddəsinin birinci cümləsinə uyğun olaraq yeni kredit hesabatı və ya əsaslandırılmış cavab verilənədək kredit bürosu müvafiq kredit tarixçəsindən kredit hesabatını “dəqiqləşdirilir” qeydi ilə məlumat istifadəçilərinə verməlidir.
18.6. Şikayətin araşdırılması nəticəsində məlumat təchizatçısı kredit bürosuna verdiyi məlumatın düzgün olduğunu müəyyən edərsə və kredit tarixçəsinin subyekti bu nəticə ilə razılaşarsa, kredit tarixçəsində heç bir dəyişiklik edilmir.
18.7. Kredit tarixçəsinin subyekti araşdırmanın nəticələri ilə razı olmadıqda, kredit bürosu kredit tarixçəsində bu barədə qeyd aparır. Bu zaman kredit tarixçəsinin subyektinə narazılığının səbəblərini izah edən qeydlərin qısa olaraq kredit tarixçəsində yerləşdirilməsi üçün imkan yaradılmalıdır.
18.8. Kredit tarixçəsinin subyekti araşdırmanın nəticələri ilə razı olmadıqda, Mərkəzi Banka və məhkəməyə şikayət verə bilər.