2.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:
2.0.1. kredit bürosu - “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmış və bu Qanunun 6.1-ci və 6.2-ci maddələrində nəzərdə tutulmuş fəaliyyəti həyata keçirən kommersiya hüquqi şəxsi;
2.0.2. kredit tarixçəsi - məlumatların saxlandığı üsul və formadan asılı olmayaraq kredit tarixçəsi subyektinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi üçün bu Qanuna uyğun olaraq lazım olan digər məlumatların məcmusu;
2.0.3. kredit tarixçəsinin subyekti - barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxs;
2.0.4. borc - verilmiş kreditlər, açılmış kredit xətləri, balansdan silinmiş kreditlər, qarantiya, zaminlik, uçota alınmış veksellər, nisyə satılmış malların dəyəri, lizinq və faktorinq əməliyyatları nəticəsində yaranan borc;
* (2.0.4-cü maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)
2.0.5. kredit tarixçələrinin məlumat bazası - “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə cavab verən informasiya sistemlərinə əsaslanan kredit bürosunun məlumat resursları;
2.0.6. kredit hesabatı - bu Qanunla icazə verilən məqsədlər və həcm daxilində məlumat istifadəçilərinə kredit tarixçəsindən verilən məlumat;
2.0.7. məlumat təchizatçısı - kredit bürosunu məlumatlarla birbaşa və ya Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsi ilə təchiz edən bu Qanunun 12.1-12.3-cü maddələrində göstərilən subyektlər;
2.0.8. məlumat istifadəçisi - kredit bürosundan kredit hesabatlarını almaq hüququ olan bu Qanunun 13.2-ci maddəsində göstərilən subyektlər;
2.0.10. mərkəzləşdirilmiş kredit reyestri - Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra - Mərkəzi Bank) yaradılan mərkəzləşdirilmiş kredit reyestri;
2.0.11. pozitiv məlumat - kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliklərinin icra intizamını müsbət xarakterizə edən hər hansı məlumat;
2.0.12. neqativ məlumat - kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat.