20.1. Məlumat istifadəçisi kredit hesabatının alınması üçün müraciətində fiziki və hüquqi şəxslərin kredit tarixçələrinin məlumat bazasında eyniləşdirilməsi üçün bu Qanunun 16.2-ci maddəsinə uyğun olaraq tələb olunan məlumatları göstərməli və bu Qanunun 14.0.2-ci maddəsində nəzərdə tutulmuş razılığın alınması faktını təsdiq etməlidir.
20.2. Məlumat istifadəçisinə verilən məlumatlar müraciətdə göstərildiyi həcmdə verilir. Kredit bürosundan verilən məlumata məlumat təchizatçısının adı yalnız kredit bürosu ilə məlumat təchizatçısı arasında bağlanmış müqavilədə buna icazə verildiyi halda daxil edilir.
20.3. Kredit tarixçəsi subyektinin müraciətində digər hal nəzərdə tutulmadıqda, kredit tarixçəsinin subyektinə verilən kredit hesabatına həmin subyekt haqqında kredit tarixçəsinin məlumat bazasında olan bütün məlumatlar daxil edilməlidir.
20.4. Kredit bürosu kredit hesabatlarının verilməsi üçün daxil olan sorğuların və verilmiş kredit hesabatlarının uçotunu aparır.
20.5. Kredit hesabatı elektron formada və (və ya) kağız daşıyıcısında verilir.
20.6. Kredit bürosu müvafiq sorğunu aldığı gündən kredit hesabatını 3 iş günündən gec olmayaraq təqdim etməlidir.