5.1. Kredit büroları məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradılır.
5.2. Kredit bürosunun fəaliyyəti üçün tələb olunan nizamnamə kapitalının minimum məbləğini Mərkəzi Bank müəyyən edir.
5.3. Kredit bürosu qismində təsis edilən hüquqi şəxsin nizamnamə kapitalı Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada ödənilir.
5.4. Kredit bürosunun informasiya sistemi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş tələblərə cavab verməlidir.
5.5. Kredit bürosunun fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi ilə bağlı fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilmiş lisenziya əsasında həyata keçirilir.
5.6. Adında “kredit bürosu” sözlərini yalnız bu Qanun əsasında yaradılan və fəaliyyət göstərən kommersiya təşkilatları və onların birlikləri istifadə edə bilərlər.
5.7. Kredit bürosunun icra orqanının rəhbəri (üzvləri) üçün peşə yararlığı tələbləri Mərkəzi Bank tərəfindən müəyyən olunur.
5.8. Kredit bürosu bu Qanunun 5.8.6-5.8.9-cu maddələrində nəzərdə tutulmuş sənədlərdən sonuncusu alındığı tarixdən sonrakı 5 gün ərzində Mərkəzi Banka məlumat üçün aşağıdakı sənədləri təqdim etməlidir:
5.8.1. kredit bürosunun dövlət qeydiyyatı haqqında sənədin və təsis sənədlərinin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri;
5.8.2. tələb olunan minimum nizamnamə kapitalının ödənilməsi barədə sənədi;
5.8.3. kredit bürosunun icra orqanının rəhbərinin (üzvlərinin) adı, ünvanı barədə sənədlərin, Mərkəzi Bankın müəyyən etdiyi peşə yararlığı tələblərinə uyğunluğunu təsdiq edən təhsil, əmək fəaliyyəti və digər müvafiq sənədlərin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri;
5.8.4. kredit bürosunun kommersiya strategiyasını, həyata keçiriləcək fəaliyyət növlərini, göstəriləcək xidmətlərin həcmi, əhatə dairəsini, təşkilati strukturunu, o cümlədən daxili nəzarət sistemini, habelə ilk üç il üçün maliyyə proqnozlarını (balans, mənfəət və zərər haqqında hesabat) əks etdirən biznes-planı;
5.8.5. kredit tarixçələrinin məlumat bazasının təhlükəsizliyini, məxfiliyini və tamlığını təmin etmək üçün kredit bürosunun fəaliyyəti üzrə daxili qaydaları və prosedurları, o cümlədən xidmət haqqının müəyyən edilməsi siyasəti;
5.8.6. fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi üzrə lisenziyanın notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
5.8.7. fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
5.8.8. fərdi məlumatların informasiya sistemlərinin uyğunluq sertifikatının notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
5.8.9. fərdi məlumatların informasiya sistemlərinin və onların layihə sənədlərinin dövlət ekspertizasından keçirilməsi haqqında məlumatı.