Qanunvericilik › Kredit büroları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Kredit bürosunun fəaliyyəti

Kredit büroları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını verir.

6.2. Bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növü ilə yanaşı kredit bürosu aşağıdakı fəaliyyət növlərini həyata keçirir:

6.2.1. kredit tarixçələrinin tərtib edilməsi və onlardan istifadənin avtomatlaşdırılması üçün xüsusi proqram təminatının hazırlanması və realizə edilməsi;

6.2.2. kredit bürolarının fəaliyyətinə aid olan xüsusi ədəbiyyatın və digər məlumat materiallarının realizə edilməsi;

6.2.3. kredit tarixçələrinin tərtib edilməsi və onlardan istifadə ilə bağlı məsləhət xidmətlərinin göstərilməsi;

6.2.4. kredit tarixçəsi subyektlərinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi və kredit tarixçəsinin subyektlərinə fərdi kredit reytinqlərinin verilməsi;

6.2.5. statistik tədqiqatların aparılması;

6.2.6. kredit bürosunun əsas fəaliyyətini dəstəkləyən digər fəaliyyət.

6.3. Kredit tarixçələrinin formalaşdırılması və kredit hesabatlarının verilməsi üzrə kredit bürosunun fəaliyyəti məlumat təchizatçıları və məlumat istifadəçiləri ilə (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş neqativ məlumatları təqdim edən məlumat təchizatçıları, 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə tutulmuş məlumat istifadəçiləri istisna olmaqla) bağlanan müqavilələr əsasında həyata keçirilir. Müqavilədə tərəflərin qarşılıqlı hüquq və öhdəlikləri, o cümlədən məlumat təchizatçısının və məlumat istifadəçisinin bu Qanunla nəzərdə tutulmuş vəzifələri, təqdim edilən məlumatın tərkibi və təqdimetmə müddətləri, kredit hesabatının alınması üçün sorğuların təqdim edilməsi və kredit hesabatlarının verilməsi qaydası, habelə tərəflərin məsuliyyəti öz əksini tapmalıdır.

6.4. Kredit bürosu rəsmi nəşrlərdə, rəsmi informasiya resurslarında və digər rəsmi mənbələrdə ümumi istifadə üçün açıq olan məlumatları kredit tarixçəsinin subyektinə aid hissədə kredit tarixçəsinə daxil edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver