7.1. Mərkəzi Bank kredit bürolarının fəaliyyətinin tənzimlənməsi və ona nəzarət sahəsində “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan səlahiyyətlərlə yanaşı aşağıdakı hüquqlara malikdir:
7.1.1. kredit bürolarının fəaliyyəti ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda normativ xarakterli aktları qəbul etmək;
7.1.2. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq kredit bürolarının fəaliyyətini, o cümlədən informasiya sistemlərinin bu Qanuna əsasən müəyyən edilmiş mühafizə tələblərinə uyğunluğunu yoxlamaq;
7.1.3. kredit bürosunun fəaliyyətinə dair hesabatları, maliyyə hesabatlarını almaq və təhlil etmək;
7.1.4. kredit bürolarına qarşı təsir tədbirlərini həyata keçirmək;
7.1.5. kredit bürosunun fəaliyyəti ilə bağlı istənilən sənədləri, məlumatları, o cümlədən daxili reqlamentləri (əsasnamə, qaydalar, prosedurlar və s.) əldə etmək və onlara dair kredit bürosunun rəhbər işçiləri, həmçinin əməkdaşlarından, habelə kredit bürosunda audit yoxlaması həyata keçirən və ya həyata keçirmiş auditorlardan məlumat almaq.
7.2. Kredit bürosu fəaliyyəti barədə hesabatı (maliyyə hesabatları istisna olmaqla) Mərkəzi Bankın müəyyən etdiyi forma və qaydada ona təqdim edir.
7.4. Kredit bürosu tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib, təqdim və dərc edilməsi ilə bağlı münasibətlər “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Kredit bürosu illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş müddətdə Mərkəzi Banka təqdim etməlidir.
7.5. Mərkəzi Bank bu Qanunun, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinin pozulması və ya pozulmasına səbəb ola biləcək halları aşkar etdikdə, kredit bürosuna qarşı aşağıdakı təsir tədbirlərini tətbiq etmək hüququna malikdir:
7.5.1. pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların aradan qaldırılması barədə kredit bürosundan öhdəlik məktubu tələb etmək. Kredit bürosu Mərkəzi Banka təqdim etdiyi öhdəlik məktubunda yol verilmiş pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların aradan qaldırılması üçün görüləcək tədbirləri və onların həyata keçirilməsi müddətlərini göstərir;
7.5.2. kredit bürosuna pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların müəyyən müddətdə aradan qaldırılması barədə icrası məcburi olan yazılı göstəriş vermək;
7.5.3. pozuntular və ya pozuntulara səbəb ola biləcək hallar aradan qaldırılanadək kredit bürosunun icra orqanının rəhbərinin (üzvlərinin) vəzifəsindən kənarlaşdırılmasını və ya vəzifəsindən azad edilməsini kredit bürosunun səlahiyyətli idarəetmə orqanından tələb etmək.
7.6. Kredit bürosu tərəfindən fərdi məlumatların informasiya sistemlərinin mühafizə tələblərinin pozulması halları aşkar edildikdə, Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu barədə yazılı məlumat verir.
7.7. Kredit bürosu tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulan qaydada həyata keçirilir.