1. Kredit İttifaqı üzvlərin ümumi yığıncağı, müşahidə şurası, idarə heyəti və kredit komissiyası tərəfindən idarə olunur.
2. Kredit İttifaqının ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Növbəti ümumi yığıncaq nizamnamədə müəyyən olunmuş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Növbədən kənar ümumi yığıncağın çağırılması qaydaları nizamnamə ilə müəyyən olunur. İdarə heyəti ümumi yığıncağın çağırılmasını, iclasa ən azı 20 gün qalmış elan edir.
3. Aşağıdakı məsələlərə baxılması və qərar qəbul olunması ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aiddir:
3.1. nizamnamənin qəbul olunması, ona əlavələr və dəyişikliklər edilməsi;
3.2. üzvlüyə qəbul və üzvlüyə xitam verilməsi qaydalarının müəyyən edilməsi;
3.3. müşahidə şurasının, idarə heyətinin, idarə heyəti sədrinin, kredit komissiyasının seçilməsi, onların hesabatlarının dinlənilməsi və səlahiyyətinə xitam verilməsi;
3.4. illik hesabatın və balansın təsdiqi;
3.5. payların və digər ödənişlərin həmçinin və ödənilmə qaydalarının müəyyən edilməsi;
3.6. Kredit İttifaqı mənfəətinin bölgüsü və istifadəsi qaydalarının müəyyən edilməsi;
3.7. kreditin verilməsi şərtlərinin və qaydalarının müəyyən edilməsi;
3.8. Kredit İttifaqının fondlarının yaradılması və istifadəsi qaydalarının müəyyən edilməsi;
3.9. zərərin ödənilməsi qaydalarının, inzibati idarə xərcləri limitinin müəyyən edilməsi;
3.10. Kredit İttifaqının Kredit İttifaqları Birliyinə daxil olması və ondan çıxması;
3.11. Kredit İttifaqının yenidən təşkili və ləğvi barədə qərar qəbul edilməsi;
3.12. audit aparılması və auditor seçilməsi haqqında qərar qəbul olunması;
3.13. nizamnaməyə görə Kredit İttifaqının fəaliyyətinə aid olan digər məsələlərin həlli.
4. Üzvlərin 51 faizi iştirak etdikdə ümumi yığıncaq səlahiyyətli sayılır.
Ümumi yığıncağın müstəsna səlahiyyətinə aid olan məsələlər barədə qərar ümumi yığıncaqda iştirak edən üzvlərin azı üçdə ikisi səs verdikdə, qalan məsələlər üzrə isə sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda iclasın sədrinin səsi həlledici olur.
5. Ümumi yığıncaqda qərar nizamnamədə nəzərdə tutulmuş qaydada açıq və ya gizli səsvermə ilə qəbul oluna bilər.