Bu Qanun 1988-ci il yanvarın 1-dən bu Qanunun qüvvəyə mindiyi vaxtadək məcburi köçkün olmuş və bu Qanunun 2-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş səbəbdən Azərbaycan Respublikasına gəlmiş şəxslərə şamil edilir.
Bu Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin üçüncü hissəsinə əsasən məcburi köçkün statusunu itirdikləri gündən üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir.
Məcburi köçkünlərə bərabər tutulan şəxslərin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi onların daimi məskunlaşması hesab olunur.