Qanunvericilik › Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Mədəni bitkilərin genetik ehtiyatlarının bankları, onların yaradılma qaydaları, hüquq və vəzifələri

Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Mədəni bitkilərin genetik ehtiyatlarının aşağıdakı istiqamətlər üzrə bankları (bundan sonra genbankları) yaradıla bilər:

10.1.1. müəyyən tədqiqat, təlim, seleksiya proqramlarında istifadə və qanunvericiliklə qadağan edilməmiş digər məqsədlərlə kolleksiya sahibləri tərəfindən öz vəsaitləri hesabına yaradılan genbanklar;

10.1.2. məqsədli layihələr əsasında elmi-tədqiqat müəssisələri tərəfindən yaradılan genbanklar;

10.1.3. müvafiq elmi-tədqiqat müəssisələrinin, seleksiya mərkəzlərinin, mülkiyyət formasından asılı olmayaraq toxumçuluq və bitkiçilik sahəsində fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində qanunda nəzərdə tutulan maliyyə mənbələri hesabına yaradılan ixtisaslaşmış genbanklar;

10.1.4. Azərbaycan Respublikasının Milli Genbankı.

10.2. Mədəni bitkilərin genetik ehtiyatları banklarının hüquq və vəzifələri aşağıdakılar da daxil edilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir:

10.2.1. mədəni bitkilərin genetik ehtiyatlarının hüceyrə plazması nümunələrinin xüsusi təyinatlı kolleksiyalar üzrə toplanması, həmçinin elmi mübadilə və introduksiya yolu ilə bitkilərin genefondunun zənginləşdirilməsi;

10.2.2. bitki nümunələrinin müvafiq saxlanma şəraitinin təmini, onların mövcud vəziyyətinin mütəmadi monitorinqi, təhlükə altında olan nümunələrin müvafiq standartlar əsasında bərpası və çoxaldılması;

10.2.3. mədəni bitkilərin genetik ehtiyatlarının səciyyələndirilməsi, qiymətləndirilməsi, istifadə üçün tövsiyələrin verilməsi;

10.2.4. mədəni bitkilərin genetik ehtiyatlarının qeydiyyatı, pasportlaşdırılması, kolleksiyalar üzrə kompyuter məlumat bazasının yaradılması, saxlanması, idarə olunması, ölkədaxili və beynəlxalq şəbəkələrə qoşulması;

10.2.5. hüceyrə plazması nümunələrinin əvəzediciləri ilə mübadiləsi;

10.2.6. kolleksiyalarda saxlanılan nümunələrin istifadəçilər tərəfindən əldə edilməsinin təmini.

10.3. Azərbaycan Respublikasının Milli Genbankında (bundan sonra Milli Genbank) ümummilli dəyərə malik mədəni bitkilərin genetik ehtiyatları kolleksiyaları, genetik eroziya və nəsli kəsilmək təhlükəsində olan növlər, növmüxtəliflikləri, formalar, xalq və elmi seleksiya sortları, seleksiya proqramları üçün əhəmiyyət daşıyan hüceyrə plazması nümunələri, sabit seleksiya xətləri, qiymətli əlamətlərin daşıyıcıları olan tədqiqat materialları toplanır, orta və uzunmüddətli saxlama şəraitində etibarlı mühafizə edilir, bərpa olunur, çoxaldılır, elmi və digər məqsədlər üçün yayılır, hərtərəfli öyrənilir, səmərəli istifadə üçün tövsiyələr hazırlanır, sənədləşdirilir, məlumat bazası yaradılır.

10.4. Milli Genbank müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır. Milli Genbankın Əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Milli Genbank dövlət vəsaiti, fiziki və hüquqi şəxslərin ianələri, qrantlar, genbank nümunələrinin istifadəsi və paylanması, göstərdiyi xidmətlər müqabilində əldə edilən gəlirlər və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşir.

10.5. Milli Genbank Azərbaycan Respublikasının milli sərvətidir və bütün infrastrukturu ilə birlikdə xüsusi mühafizə olunan dövlət təbiət obyekti statusuna malikdir.

10.6. Azərbaycan Respublikasında mədəni bitkilərin genetik ehtiyatları banklarının hüquq və vəzifələri nəbatat bağları və dendroloji parklara da şamil olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver