Qanunvericilik › Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Mədəni bitkilərin genetik ehtiyatlarının Milli kolleksiyaları

Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Mədəni bitkilərin genetik ehtiyatlarının Milli kolleksiyaları öz təyinatına uyğun olaraq aşağıdakı istiqamətlər üzrə formalaşdırılır:

11.1.1. milli baza kolleksiyalar. Bu kolleksiyalar milli sərvət statusuna malik olmaqla mədəni bitkilərin genetik ehtiyatlarının milli kataloquna daxil edilən, bu ehtiyatların qiymətli və nadir nümunələrindən ibarət olmaqla müvafiq müxtəlifliyi mümkün qədər tam əhatə edən, əlaqələndirici institutun strukturunda yaradılmış Milli Genbankda beynəlxalq standartlara uyğun olaraq xüsusi təchiz edilmiş orta və uzunmüddətli təhlükəsiz saxlanma şəraitində mühafizə edilən, həmçinin dövlət tingliklərində, ixtisaslaşmış genbanklarda saxlanılan çoxillik mədəni bitkilərin genetik ehtiyatlarından və onların yabanı əcdadlarından ibarət olan kolleksiyalardır;

11.1.2. aktiv işlək kolleksiyalar. Bu kolleksiyalar mədəni bitkilərin genetik ehtiyatlarının nümunələrindən ibarət olan, orta müddətli saxlanma şəraitində mühafizə olunan, öyrənilmək, elmi, seleksiya və maarifləndirici proqramları təmin etmək, eləcə də müxtəlif istifadəçilərlə mübadilə və başqa məqsədlər üçün nəzərdə tutulmuş bitki ehtiyatları kolleksiyalarıdır;

11.1.3. əvəzedici (dublikat) kolleksiyalar. Bu kolleksiyalar mədəni bitkilərin genetik ehtiyatlarının öyrənilmək və müxtəlif proqramlarda istifadə olunmaq məqsədi ilə müəyyən təşkilatların istifadəçilərinə verilən, həmçinin “qara qutu” prinsipi ilə gözlənilməz hadisələr və təbii kataklizmlər vaxtı təhlükəsiz qorunub saxlanma üçün başqa genbanklara (beynəlxalq və xarici genbanklar da daxil olmaqla) verilən əvəzedici (dublikat) nümunələrinin qorunduğu kolleksiyalardır;

11.1.4. genetik kolleksiyalar. Bu kolleksiyalar seçmə və ya təcrübi metodlarla yaradılan, bir və ya bir neçə əlamətə görə irsi fərqləri aşkara çıxaran növdaxili formaların genetik ehtiyatlarının nümunələrindən ibarət olan kolleksiyalardır;

11.1.5. özək kolleksiyalar. Bu kolleksiyalar növün əsas genetik müxtəlifliyini minimum miqdarda əhatə edən nümunələrdən ibarət kolleksiyalardır;

11.1.6. herbari kolleksiyalar. Bu kolleksiyalar bitki aləmi müxtəlifliyinin öyrənilməsinin mühüm vasitəsi olmaqla yabanı və mədəni bitkilərin və onların yabanı əcdadlarının herbari nümunələrindən ibarət kolleksiyalardır;

11.1.7. DNT və RNT kolleksiyalar. Bu kolleksiyalar yüksəkmolekulyar genom və (və ya) klonlaşdırılmış formada saxlanan, bitki mənşəli genetik ehtiyatların nuklein turşuları nümunəsindən ibarət olan kolleksiyalardır.

11.2. Mədəni bitkilərin genetik ehtiyatlarının Milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver