51.1. Bu Qanunun 50.1.1–50.1.4-cü, 50.2.1-ci və 50.5-ci maddələrində göstərilən lisenziyaların verilməsi üçün bu Qanunun 35.1-ci və ya 35.2-ci maddələrində nəzərdə tutulmuş məlumatlar əsasında Şuranın qərarı ilə müsabiqə elan edilir və bu elan onun veb-saytında və azı 2 (iki) rəsmi qəzetdə yayımlanır.
51.2. Elanda aşağıdakı məlumatlar olmalıdır:
51.2.1. bu Qanunun 50.1.1–50.1.4-cü və 50.2.1-ci maddələrində nəzərdə tutulmuş lisenziyalar üçün yayımın növü (televiziya və (və ya) radio);
51.2.2. bu Qanunun 50.1.1–50.1.4-cü maddələrində nəzərdə tutulmuş lisenziyalar üçün yayımın ərazi kateqoriyası və yayımın janrı;
51.2.3. bu Qanunun 50.2.1-ci maddəsində nəzərdə tutulmuş lisenziya üçün yayımın janrı;
51.2.4. bu Qanunun 50.5-ci maddəsində nəzərdə tutulmuş lisenziya üçün yayımın ərazi kateqoriyası;
51.2.5. müsabiqədə iştirak haqqının məbləği, onun ödənilməsi müddəti və qaydası;
51.2.6. bu Qanunun 52.2-ci maddəsində nəzərdə tutulan sənədlərin siyahısı və həmin sənədlərin təqdim edilmə ünvanı və qaydası.
51.3. İştirak haqqı müvafiq lisenziya üçün nəzərdə tutulmuş dövlət rüsumunun 2 (iki) faizi məbləğində müəyyən olunur. Müsabiqədə qalib olmayan şəxslərin iştirak haqqı geri ödənilmir.