Qanunvericilik › Media haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 52

Maddə 52. Müsabiqə üzrə sənəd qəbulu

Media haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

52.1. Sənəd qəbulu müsabiqənin keçirilməsi üçün elanın dərc edildiyi gündən 30 (otuz) iş günü müddətində həyata keçirilir.

52.2. Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər kağız və ya elektron formada təqdim edilməlidir:

52.2.1. müsabiqədə iştirak barədə forması və məzmunu Şura tərəfindən müəyyən olunmuş və fiziki şəxs və ya hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış ərizə;

52.2.2. fiziki şəxsin şəxsiyyət vəsiqəsinin və səlahiyyətli nümayəndənin səlahiyyətini təsdiq edən sənədin surəti;

52.2.3. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və nizamnamənin notarial qaydada təsdiq olunmuş surəti;

52.2.4. vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

52.2.5. təsisçi (iştirakçı) fiziki şəxs olduqda – onun (onların), habelə direktorun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; təsisçi (iştirakçı) hüquqi şəxs olduqda – onun (onların) adı, hüquqi ünvanı;

52.2.6. təsisçi (iştirakçı) fiziki şəxs olduqda – onun məhkumluğunun olub-olmaması barədə arayış;

52.2.7. yayımı həyata keçirmək üçün texniki imkanları haqqında Şura tərəfindən müəyyən edilmiş formada məlumat;

52.2.8. yayımçının və ya operatorun adı ilə bağlı məlumat;

52.2.9. media subyektinin redaksiyasının loqotipi (emblemi) ilə bağlı məlumat;

52.2.10. iqtisadi əsaslandırma.

52.3. Bu Qanunun 52.2-ci maddəsində qeyd olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

52.4. Təqdim olunmuş sənədlərə sənədlərin qəbulunun başa çatdığı vaxtdan 10 (on) iş günü müddətində baxılır.

52.5. Təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və lisenziyanın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar barədə məsələlərə (bu Qanunun 52.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.1–19.4-cü maddələrinə uyğun olaraq baxılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver