53.1. Aşağıdakı hallarda Şura tərəfindən ərizəçinin müsabiqəyə buraxılmasından imtina barədə əsaslandırılmış qərar qəbul edilir və bu qərar 3 (üç) iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir:
53.1.1. ərizə buna hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;
53.1.2. eyni ad altında başqa media subyekti fəaliyyət göstərirsə;
53.1.3. təqdim olunmuş sənədlərdə düzgün olmayan və ya təhrif olunmuş məlumatlar aşkar olunarsa (bu Qanunun 52.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla);
53.1.4. ərizəçinin əvvəllər aldığı lisenziyanın bu Qanunun 58.1.2-ci, 58.1.4-cü, 58.1.6-cı, 58.1.9–58.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilməsindən 3 (üç) ildən az müddət keçibsə;
53.1.5. təsisçisi və ya təsisçilərindən biri əvvəllər lisenziyası bu Qanunun 58.1.2-ci, 58.1.4-cü, 58.1.6-cı, 58.1.9–58.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilən fiziki və ya hüquqi şəxs olduqda, lisenziyanın ləğv edilməsindən 3 (üç) ildən az müddət keçibsə;
53.1.6. ərizəçi bu Qanunun 26.1–26.5-ci, 26.8-ci maddələrində nəzərdə tutulmuş tələblərə cavab vermirsə.
53.2. Təqdim olunmuş sənədlərdə imtina üçün əsaslar olmadıqda, bu Qanunun 52.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə Şura tərəfindən ərizəçilərin müsabiqəyə buraxılması barədə qərar qəbul edilir və bu qərar ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
53.3. Müsabiqə bu Qanunun 53.2-ci maddəsində nəzərdə tutulmuş müddətin bitdiyi tarixdən 30 (otuz) iş günü müddətində keçirilməli və müsabiqənin nəticəsi bu müddət ərzində açıqlanmalıdır.
53.4. Aşağıdakı hallarda müsabiqə baş tutmamış hesab edilir:
53.4.1. müsabiqəyə ikidən az ərizəçi müraciət etdikdə;
53.4.2. müsabiqənin iştirakçısı olmadıqda;
53.4.3. müsabiqənin qalibi müsabiqənin nəticəsində lisenziya almaqdan imtina etdikdə.
53.5. Müsabiqə baş tutmamış hesab edildikdə, Şura tərəfindən bu barədə qərar qəbul edilir və bu qərar onun veb-saytında və azı 2 (iki) rəsmi qəzetdə yayımlanır. Təkrar müsabiqə bu Qanunun 51–53-cü maddələrinə uyğun olaraq həyata keçirilir.
53.6. Bu Qanunun 53.4.1-ci maddəsində nəzərdə tutulmuş hala görə müsabiqə baş tutmadıqda baş tutmamış müsabiqəyə müraciət etmiş ərizəçi elan olunmuş təkrar müsabiqədə yeganə ərizəçi olduqda həmin müsabiqənin qalibi hesab edilir.
53.7. Baş tutmamış müsabiqəyə müraciət etmiş ərizəçi təkrar müsabiqədə iştirak üçün müraciət etdikdə yenidən iştirak haqqını ödəməkdən azaddır.