13.1. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ədalət mühakiməsinin keyfiyyətinin artırılması, məhkəmə sistemində idarəçiliyin təkmilləşdirilməsi, hakimlərin vəzifədə irəli çəkilməsində şəffaflığın təmin olunması, onların fəaliyyətinin stimullaşdırılması, tədris ehtiyaclarının müəyyənləşdirilməsi və fəaliyyətini davam etdirməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə aparılır.
13.2. Məhkəmə-Hüquq Şurası ilk dəfə 3 il müddətinə təyin edilmiş hakimlərin fəaliyyətini həmin müddətin sonunda, digər hakimlərin fəaliyyətini 5 ildə bir dəfədən az olmayaraq, məhkəmə sədrlərinin, sədr müavinlərinin və kollegiya sədrlərinin inzibati səlahiyyətlərin icrası üzrə fəaliyyətini isə həmçinin bu vəzifələr üzrə fəaliyyət müddətinin sonunda qiymətləndirir.
13.3. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyası Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir.
13.4. Hakimlərin fəaliyyəti Hakimlərin Qiymətləndirilməsi Komitəsi tərəfindən toplanılan materiallar əsasında onların peşəkarlıq səviyyəsini müəyyən etməyə imkan verən kəmiyyət (məhkəmə fəaliyyəti üzrə iş yükü və onun öhdəsindən gəlmək bacarığı) və keyfiyyət (məhkəmə aktlarının və məhkəmə proseslərinin idarə edilməsi keyfiyyəti, kommunikasiya bacarıqları, hakim etikası və intizamlılıq) göstəriciləri üzrə qiymətləndirilir.
13.5. Məhkəmə sədrləri, sədr müavinləri və kollegiya sədrlərinin inzibati səlahiyyətlərin icrası üzrə fəaliyyəti Hakimlərin Qiymətləndirilməsi Komitəsi tərəfindən toplanılan materiallar əsasında onların idarəçilik bacarıqlarını müəyyən etməyə imkan verən meyarlar (müvafiq məhkəmədə əmək və icra intizamına riayət edilməsi və işin təşkili vəziyyəti (məhkəmə statistikasının və arxiv işinin aparılması, kargüzarlıq qaydalarına əməl olunması, məhkəmə aparatına rəhbərliyin təşkili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi vəziyyəti, vətəndaşların qəbulu, müraciətlərə baxılması sahəsində məhkəmədə işin təşkili) üzrə qiymətləndirilir.
13.6. Hakimlərin fəaliyyəti məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələri, Məhkəmə-Hüquq Şurası Aparatının, fəaliyyəti qiymətləndirilən hakimin, həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsi, apellyasiya instansiyası və birinci instansiya məhkəmələri sədrlərinin məlumatları və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiyaya yönəldilən işlərin sayı nəzərə alınmaqla qiymətləndirilir. Hakimlərin fəaliyyəti qiymətləndirilərkən Məhkəmə-Hüquq Şurası üzvlərinin malik olduqları məlumatlardan istifadə oluna bilər.
13.7. Hakimlərin Qiymətləndirilməsi Komitəsi hakimin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə dair yekun rəy tərtib etməklə Məhkəmə-Hüquq Şurasına təqdim edir.
13.8. Hakimlərin Qiymətləndirilməsi Komitəsinin hakimin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə dair yekun rəyi Məhkəmə-Hüquq Şurasının üzvlərinə qiymətləndirmə ilə bağlı Məhkəmə‑Hüquq Şurasının iclasına ən geci 10 gün qalmış təqdim edilir.
13.9. Məhkəmə-Hüquq Şurası Hakimlərin Qiymətləndirilməsi Komitəsindən daxil olmuş yekun rəyi iclasında müzakirə edir və hakimin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinin təsdiqinə dair qərar qəbul edir.
13.10. Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yekun rəyi hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyasında müəyyən edilmiş forma və məzmuna uyğun olmadıqda, habelə ziddiyyətli olduqda Məhkəmə-Hüquq Şurası əsaslandırılmış qərarı ilə yekun rəyi ona əlavə edilmiş materiallarla birlikdə geri qaytarır. Bu zaman Hakimlərin Qiymətləndirilməsi Komitəsi Məhkəmə-Hüquq Şurasının qərarını nəzərə almaqla, yekun rəydəki çatışmazlıqları aradan qaldırır və yenidən Məhkəmə-Hüquq Şurasına təqdim edir.
13.11. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinə dair qərar qəbul edilərkən səsvermədə Məhkəmə-Hüquq Şurasının yalnız hakim üzvləri iştirak edirlər. Qiymətləndirmə ilə bağlı Məhkəmə‑Hüquq Şurasının iclası Şuranın səsvermədə iştirak etmək hüququ olan hakim üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Qərar Məhkəmə-Hüquq Şurasının səsvermədə iştirak edən hakim üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda Məhkəmə-Hüquq Şurasının iclasına sədrlik edənin səsi həlledici hesab olunur.
13.12. Hakimin fəaliyyətinin qiymətləndirilməsinin yekununda aşağıdakı nəticələrdən biri müəyyən olunur:
13.12.1. hakimin fəaliyyəti yüksək qiymətləndirilir;
13.12.2. hakimin fəaliyyəti qənaətbəxş qiymətləndirilir;
13.12.3. hakimin fəaliyyətində peşəkar çatışmazlıqlar var.
13.13. Bu Qanunun 13.12.1-ci maddəsində nəzərdə tutulmuş halda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimin vəzifədə irəli çəkilməsi imkanı nəzərdən keçirilir.
13.14. Bu Qanunun 13.12.2-ci maddəsində nəzərdə tutulmuş halda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimin tutduğu vəzifəyə uyğunluğu barədə qərar qəbul edilir.
13.15. Bu Qanunun 13.12.3-cü maddəsində nəzərdə tutulmuş halda, o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrar, lakin bir ildən tez və iki ildən gec olmamaqla qiymətləndirilir. Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verilir.
13.16. Məhkəmə sədrləri, sədr müavinləri və kollegiya sədrlərinin inzibati səlahiyyətlərinin icrası üzrə fəaliyyətinin qiymətləndirilməsinin yekununda aşağıdakı nəticələrdən biri müəyyən olunur:
13.16.1. fəaliyyəti qənaətbəxş qiymətləndirilir;
13.16.2. fəaliyyətində peşəkar çatışmazlıqlar var.
13.17. Bu Qanunun 13.16.1-ci maddəsində nəzərdə tutulmuş halda Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə sədrinin, sədr müavininin və ya kollegiya sədrinin inzibati vəzifəyə təyinatı ilə bağlı təklifin verilməsi barədə qərar qəbul edilir.
13.18. Bu Qanunun 13.16.2-ci maddəsində nəzərdə tutulmuş halda Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə sədrinin, sədr müavininin və ya kollegiya sədrinin tutduğu vəzifədə işləməyə uyğun olmaması barədə qərar qəbul edilir.