27.1. Məhkəmə-Hüquq Şurası üzvlərinin aşağıdakı hüquqları vardır:
27.1.1. Məhkəmə-Hüquq Şurasının iclaslarında iştirak etmək, iclasın aparılmasına dair fikirlərini bildirmək;
27.1.2. Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək;
27.1.3. Məhkəmə-Hüquq Şurasında məsələlərə baxılarkən məruzəçiyə, şuranın iclasında iştirak edən digər şəxslərə suallar vermək;
27.1.4. qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, həmçinin hüquqi və fiziki şəxslərdən Məhkəmə-Hüquq Şurasında baxılmağa hazırlanan məsələ ilə əlaqədar sənədləri və başqa məlumatı tələb etmək;
27.1.5. Məhkəmə-Hüquq Şurasının iclasında təqdim edilmiş ərizələr, vəsatətlər və digər materiallarla tanış olmaq;
27.1.6. Məhkəmə-Hüquq Şurasının qəbul ediləcək qərarına dair fikir söyləmək;
27.1.7. Məhkəmə-Hüquq Şurasının qərarı ilə tam və ya qismən razı olmadıqda xüsusi rəy vermək;
27.1.8. Məhkəmə Hüquq Şurasının səlahiyyətlərinə aid məsələlərə şuranın iclasında baxılması üçün təkliflər vermək;
27.1.9. Məhkəmə-Hüquq Şurasının qərarları, protokolları və digər sənədləri ilə tanış olmaq;
27.1.10. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
27.2. Məhkəmə-Hüquq Şurasının üzvləri:
27.2.1. öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, bu qanunu, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını rəhbər tutmalı;
27.2.2. Məhkəmə-Hüquq Şurasının iclaslarında baxılan məsələlərə hüquq və ədalət əsasında qərəzsiz yanaşmalı;
27.2.3. Məhkəmə-Hüquq Şurasının iclaslarını üzrsüz səbəbdən buraxmamalı;
27.2.4. Məhkəmə-Hüquq Şurasında baxılan məsələlər üzrə səsvermədə iştirak etməli və ya yazılı xüsusi rəy bildirməli;
27.2.5. Məhkəmə-Hüquq Şurası üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli;
27.2.6. Məhkəmə-Hüquq Şurasında baxılan məsələlər haqqında qərar qəbul edilənədək məsələnin mahiyyətinə dair fikir söyləməməli;
27.2.7. bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələbləri pozmamalıdırlar.