Təhlükəsizliyi təmin edən orqanlar müdafiə olunan şəxsin təhlükəsizliyinə real qorxu yaradan hallar barədə məlumat (ərizə) əldə etdikdə üç gün müddətində, zəruri hallarda isə dərhal müdafiə olunan şəxs barəsində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi və ya təhlükəsizlik tədbirlərinin tətbiqindən imtina edilməsi haqqında qərar qəbul edir.
Təhlükəsizliyi təmin edən orqanlar təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi qərarına gəldikdə təhlükəsizlik tədbirləri və onların həyata keçirilməsi müddəti konkret göstərilməklə əsaslandırılmış qərar qəbul edir.
Qəbul edilmiş qərar barədə təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi xahişi ilə müraciət etmiş məhkəmə sədrinə və ya müvafiq hüquq mühafizə orqanının rəhbərinə məlumat verilir. Bu zaman təhlükəsizliyi təmin edən orqanlar tərəfindən müdafiə olunan şəxsə onun təhlükəsizliyi üçün zəruri olan göstərişlər verilə bilər.
Təhlükəsizliyi təmin edən orqanın təhlükəsizlik tədbirlərinin tətbiqindən imtina edilməsi haqqında qərarı təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi xahişi ilə müraciət etmiş məhkəmə sədri və ya müvafiq hüquq mühafizə orqanın rəhbəri tərəfindən prokurorluğun və ya məhkəmənin yuxarı orqanına bu barədə şikayət verilə bilər. Bu şikayətlərə dərhal baxılmalıdır.