Qanunvericilik › Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 112

Maddə 112. Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi qaydası

Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Hakimlər barəsində intizam icraatını yalnız Məhkəmə-Hüquq Şurası başlaya bilər. Bu Qanunla müəyyən edilmiş səbəblər və intizam məsuliyyətinə cəlb edilmə əsaslarının əlamətləri olduqda Məhkəmə-Hüquq Şurası öz təşəbbüsü ilə intizam icraatını başlamalı, Ali Məhkəmənin, apellyasiya məhkəmələrinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrləri isə intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməlidirlər.

Fiziki və hüquqi şəxslər hakimlər tərəfindən bu Qanunun 111-1-ci maddəsinin altıncı abzasında hakimlər üçün müəyyən edilmiş intizam məsuliyyətinə cəlb edilmə əsasının əlamətləri haqqında məlumatlar olduqda Məhkəmə-Hüquq Şurasına müraciət edə bilərlər.

Məhkəmə-Hüquq Şurası öz təşəbbüsü ilə birinci, apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin hakimləri haqqında intizam icraatına başlayır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri birinci, apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin hakimləri haqqında intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir.

Apellyasiya məhkəmələrinin sədrləri müvafiq apellyasiya məhkəmələrinin hakimləri, habelə həmin məhkəmələrin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin hakimləri haqqında intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət edirlər.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri həmin məhkəmənin hakimləri və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin hakimləri haqqında intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir.

Hakimlər haqqında intizam icraatı intizam pozuntusunun aşkar edildiyi gündən bir il və törədildiyi gündən üç il müddətində başlana bilər.

Hakimlər yalnız Məhkəmə-Hüquq Şurasının qərarına əsasən intizam məsuliyyətinə cəlb edilirlər.

Məhkəmə-Hüquq Şurası intizam icraatı üzrə aşağıdakı qərarlardan birini qəbul edir:

hakimə irad tutulması haqqında;

hakimə töhmət verilməsi haqqında;

hakimin vəzifədə aşağı salınması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verilməsi haqqında;

hakimin iş yerinin dəyişdirilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verilməsi haqqında;

hakimin səlahiyyətlərinə xitam verilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verilməsi haqqında;

intizam icraatına xitam verilməsi haqqında.

İntizam məsuliyyətinə cəlb edilmə haqqında qərardan şikayət verilməmişsə, o, qəbul edildiyi vaxtdan iyirmi gün sonra qüvvəyə minir.

Həmin müddət ərzində intizam məsuliyyətinə cəlb edilmə haqqında Məhkəmə-Hüquq Şurasının qərarından Ali Məhkəmənin Plenumuna şikayət verilə bilər.

Ali Məhkəmənin Plenumu üç ay müddətində şikayətə baxıb Məhkəmə-Hüquq Şurasının qərarını qüvvədə saxlayır, ləğv edir və ya ona dəyişikliklər edir və öz qərarını Şuraya təqdim edir. Ali Məhkəmənin Plenumunun qərarı qətidir. İntizam məsuliyyətinə cəlb edilmə haqqında Məhkəmə-Hüquq Şurasının qərarlarından verilmiş şikayətlərə Ali Məhkəmənin Plenumunda baxılarkən həmin qərarlarla bağlı Məhkəmə-Hüquq Şurasının iclaslarında səsvermədə iştirak etmiş Şuranın üzvləri Plenumun iclaslarında səsvermədə iştirak etmirlər.

Hakimlər cəza verildiyi gündən bir il ərzində yenidən intizam məsuliyyətinə cəlb edilməmişsə, intizam məsuliyyətinə cəlb edilməmiş sayılırlar.

Hakimlərin intizam məsuliyyəti məsələsinə bu Qanunla və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver