Qanunvericilik › Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Məktəbəqədər təhsil müəssisəsi

Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Məktəbəqədər təhsil müəssisəsi məktəbəqədər təhsil sahəsində bu Qanunla müəyyən olunmuş məqsədlərin reallaşdırılması istiqamətində davamlı olaraq təşkilati, psixoloji, pedaqoji, metodik, tibbi tədbirlərin həyata keçirilməsini təmin edir.

11.2. Mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir.

11.3. Məktəbəqədər təhsil müəssisəsi təhsil kompleksləri, ayrı-ayrı müəssisə və təşkilatların nəzdində də yaradıla bilər.

11.4. Məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin aşağıdakı növləri müəyyən edilir:

11.4.1. körpələr evi;

11.4.2. körpələr evi-uşaq bağçası;

11.4.3. uşaq bağçası;

11.4.4. uşaq evləri;

11.4.5. məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumtəhsil məktəbləri;

11.4.5-1. məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələri;

11.4.6. təhsil kompleksi nəzdində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi;

11.4.7. müəssisə və təşkilatların nəzdində yaradılmış məktəbəqədər təhsil müəssisəsi;

11.4.8. sanator tipli məktəbəqədər təhsil müəssisəsi;

11.4.9. sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri;

11.4.10. elmi-tədqiqat müəssisələrinin və ali təhsil müəssisələrinin yanında yaradılan eksperimental məktəbəqədər təhsil müəssisələri;

11.4.11. ailə tipli kiçik qrup evi;

11.4.12. uşaqlar üçün icma əsaslı təlim qrupları.

11.5. Məktəbəqədər xüsusi təhsil müəssisələri nitq, eşitmə, görmə pozulmaları, əqli (psixi), dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan uşaqlar üçün yaradılır.

11.6. Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla, öz nizamnaməsi əsasında həyata keçirilir.

11.7. Dövlət və bələdiyyə məktəbəqədər təhsil müəssisəsi “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılır.

11.8. Özəl məktəbəqədər təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

11.9. Məktəbəqədər təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilmir.

11.10. Məktəbəqədər təhsil müəssisəsi hüquqi şəxsdir, inzibati və maliyyə-təsərrüfat fəaliyyətini sərbəst şəkildə həyata keçirir.

11.11. Bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər və digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.

11.12. Məktəbəqədər təhsil müəssisələrində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, psixoloji xidmət təşkil olunur və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə psixoloji yardım həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver