12.1. Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilər.
12.1-1. Təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllim heyətinin tərkibində Azərbaycan Respublikasının vətəndaşları sayca üstünlük təşkil etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə, say nisbəti dəyişdirilə bilər. Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus məktəbəqədər təhsil müəssisəsinin rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Bu təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılır. Həmin təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması təhsil müəssisəsi rəhbərinin və onun müavininin namizədliyi razılaşdırıldıqdan sonra həyata keçirilir.
12.2. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.