13.1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, məktəbəqədər təhsil müəssisəsinin təhsil fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilmiş lisenziya əsasında həyata keçirilir.
13.2. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir.
13.3. Məktəbəqədər təhsil müəssisəsi məktəbəqədər təhsilin dövlət standartlarının tələblərini yerinə yetirmədikdə, lisenziyası “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dayandırılır və ya ləğv edilir.
13.4. Məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir.
13.5. Akkreditasiya müvafiq keyfiyyət sənədinin – şəhadətnamənin verilməsi ilə başa çatır. Akkreditasiyadan keçməyən məktəbəqədər təhsil müəssisəsinin lisenziyası ləğv olunur.
13.6. Məktəbəqədər təhsil müəssisəsinin işçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan (sertifikatlaşdırmadan keçən işçilər istisna olmaqla) keçirilir.