14.1. Məlumat toplusunun hüquq sahibinin və ya istehsalçısının razılığı olmadan hazırlanan (istehsal edilən), həmçinin istehsalçının istifadə etdiyi texniki mühafizə vasitələrini dolayısı və ya birbaşa müdaxilə yolu ilə keçməklə əldə edilən və yayılan nüsxəsi pirat nüsxə sayılır. Gətirildiyi ölkədə heç vaxt qorunmayan, yaxud qorunma müddəti keçmiş, lakin bu Qanuna müvafiq olaraq qorunan məlumat toplusunun hüquq sahibinin və ya istehsalçısının icazəsi olmadan Azərbaycan Respublikasına idxal edilən nüsxələri də pirat nüsxələr sayılır.
14.2. Məhkəmə hüquqpozmaya səbəb olan məlumat toplularının kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, onların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır.
14.3. Məlumat toplularının pirat nüsxələri, onların hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq müsadirə edilir.