6.1. Hazırlanması, məzmununun yoxlanılması, tərtib edilməsi kəmiyyət və (və ya) keyfiyyətcə əhəmiyyətli sərmayə qoyuluşu tələb edən məlumat toplusunun istehsalçısının həmin toplunun tam və ya əhəmiyyətli hissəsinin (kəmiyyət və ya keyfiyyətcə) götürülməsinə və (və ya) təkrar istifadəsinə qarşı çıxmaq hüququ vardır.
6.2. Məlumat toplusunun istehsalçısına bu Qanunun 6.1-ci maddəsinə uyğun olaraq verilən qorunmanın meyarı kimi maliyyə vəsaitləri, yaxud vaxt və enerji (resurs) məsrəfləri şəklində əhəmiyyətli sərmayə qoyuluşu nəzərdə tutulur. Bu zaman toplunun yeniliyi və ya onun maddi dəyəri mütləq deyildir.
6.3. Bu Qanunun 6.1-ci maddəsində göstərilən hüquq məlumat toplusunun müəlliflik hüququ və ya digər hüquqlarla qorunmasından asılı olmayaraq tətbiq edilir. Həmin hüququn tətbiqi məlumat toplusunun məzmununun müəlliflik hüququ, yaxud digər hüquqlarla qorunmasından asılı deyildir. Bununla yanaşı, məlumat toplusunun bu Qanunun 6.1-ci maddəsində göstərilən hüquqla qorunması toplunun məzmununa aid olan hüquqları ləğv etmir.
6.4. Məlumat toplusunun məzmununun əhəmiyyətli olmayan hissələrinin götürülməsi və (və ya) dəfələrlə təkrar və ardıcıl istifadəsi zamanı məlumat toplusundan normal istifadəyə zidd olan hərəkətlərə və ya istehsalçının qanuni maraqlarına əsassız zərər vurulmasına yol verilmir.
6.5. Bu Qanunun 6.1-ci maddəsində göstərilən hüquq qanunvericiliklə müəyyən edilmiş qaydada keçə, tam və ya qismən verilə, yaxud lisenziya sazişi əsasında istifadəsinə icazə verilə bilər.