Qanunvericilik › Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Məşğulluğun təmin edilməsində həmkarlar ittifaqlarının iştirakı

Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Həmkarlar ittifaqlarının, onların seçkili orqanlarının məşğulluq sahəsində aşağıdakı hüquqları vardır:

17.1.1. işçilərin kütləvi surətdə sərbəstləşdirilməsi ilə əlaqədar tədbirlərin başqa vaxta keçirilməsi və ya müvəqqəti dayandırılması haqqında işəgötürənlərə və ya onların yuxarı orqanlarına təkliflər vermək;

17.1.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğun təmin edilməsi, işə (xidmətə) qəbul, işdənçıxarma, sosial güzəştlərin və təminatların verilməsi məsələlərində şəxslərin müdafiəsini təmin etmək;

17.1.3. peşə standartlarının hazırlanması, qəbulu və tətbiqi, işçilərin təlimi, bacarıqlarının artırılması və qiymətləndirilməsi işinin həyata keçirilməsi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək.

17.2. İşəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir.

17.3. İşəgötürənlər (onların birlikləri) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar), həmkarlar ittifaqlarının təklifi ilə məşğulluq məsələlərinə dair birgə məsləhətləşmələr aparırlar. Məsləhətləşmələrin yekunlarına görə məşğulluğa kömək göstərilməsinə dair tədbirlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutula bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver