Qanunvericilik › Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. İşaxtaran və işsiz şəxslərin sosial təminatları

Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

28.1. İşaxtaran və işsiz şəxslərə dövlət aşağıdakı təminatları verir:

28.1.1. müəssisədən sərbəstləşdirilmiş işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq təminatların verilməsi;

28.1.2. peşə hazırlığına cəlb olunduğu dövrdə təqaüdün ödənilməsi;

28.1.3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə uyğun olaraq işsizlikdən sığorta ödənişi almaq hüququ olanlara sığorta ödənişinin verilməsi;

28.1.4. Haqqı ödənilən ictimai işlərə cəlb olunması;

28.1.5. özünüməşğulluğa kömək göstərilməsi;

28.1.6. işəgötürənlərlə birlikdə işçilərin əməkhaqqının maliyyələşdirilməsi;

28.1.7. sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün əlavə iş yerlərinin və sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi;

28.1.8. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə işə (peşə kurslarına) göndərilməsi ilə əlaqədar şəxsin çəkdiyi xərclərin (taksi xərcləri istisna olmaqla) kompensasiya edilməsi.

28.2. Qanunla müəyyən edilmiş qaydada şəxsin işsizlikdən sığorta ödənişi aldığı və aktiv məşğulluq tədbirlərinə cəlb olunduğu müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət ümumi əmək stajına daxil edilir.

28.3. Bu Qanunun 28.1-ci maddəsi ilə müəyyən edilən təminatlar üzrə ödənişlər nağdsız qaydada həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver