Bu Qanunun 7-ci maddəsinin üçüncü hissəsində göstərilən arxiv sənədləri istisna olmaqla, Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilənə qədər dövlət və qeyri-dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan idarə arxivlərində müvəqqəti mühafizə olunur.
Milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddətləri aşağıdakı kimidir:
respublika dövlət hakimiyyət orqanlarının sənədləri üçün - 15 il;
rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün - 5 il;
yerli özünüidarəetmə orqanlarının sənədləri üçün - 5 il;
elmi-texniki sənədlər üçün - 15 ildən artıq olmamaq şərtilə, praktiki əhəmiyyətini saxladığı müddətə;
kino, foto, fono sənədlər və videoyazılar üçün - 3 il;
vətəndaşlıq vəziyyəti aktları, notarial fəaliyyət, məhkəmə işləri üçün - 75 il;
2006-cı il yanvarın 1-dək kargüzarlıqda icrası başa çatmış işçi heyət üzrə sənədlər üçün - 75 il;
2006-cı il yanvarın 1-dən sonra kargüzarlıqda yaranan dövlət orqanlarının, iri dövlət şirkətlərinin rəhbərlərinin, dövlət, elm və mədəniyyət xadimlərinin, dövlət təltifləri və elmi dərəcələrə malik şəxslərin işçi heyət üzrə sənədləri üçün - 75 il;
digər işçi heyət üzrə sənədlər üçün - 35 il.
Göstərilən müddətlər sənədlərin yarandığı vaxtdan hesablanır və həmin müddətlər başa çatdıqdan sonra arxiv fondu sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun daimi dövlət mühafizəsinə təhvil verilməlidir.
Dövlət orqanı (qurumu) ləğv edildikdə və onun hüquqi varisi olmadıqda, həmin dövlət orqanının (qurumunun) arxiv fondları bu Qanunla müəyyən edilmiş qaydada dövlət arxiv fonduna təhvil verilir.
Geodeziya və xəritəçəkmə, geologiya və mineral ehtiyatlar, ekologiya və təbiətdən istifadəyə nəzarət, standartlaşdırma, metrologiya və hidrometeorologiya üzrə dövlət orqanlarının, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elmi müəssisə və təşkilatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın arxiv sənədləri müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həmin təşkilatlarda daimi mühafizə olunur. Həmin təşkilatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formaya uyğun olaraq, arxiv fondlarının tərkibi və həcmi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hər il üçün növbəti ilin yanvar ayının 25-dək məlumat verməlidirlər.
Dövlət mülkiyyətində olan arxiv fondunun sənədləri, dövlət arxivlərinin, dövlət arxivinin filiallarının və sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivlərinin binaları, onların yerləşdiyi torpaq sahələri və avadanlıqlar özəlləşdirilə bilməz.
Qeyri-dövlət arxiv fondunun mülkiyyətçiləri arxiv fondlarının mühafizəsi üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydalara uyğun olaraq arxiv fondlarının mühafizəsini təmin etməlidirlər.