Qanunvericilik › Milli arxiv fondu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi və bu tərkibdən çıxarılması qaydası

Milli arxiv fondu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi və bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sənədlərin Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan, sənədlərin xüsusi tarixi-mədəni dəyərini müəyyən edən, arxiv işçilərindən və müvafiq sahə mütəxəssislərindən ibarət olan ekspert komissiyası tərəfindən həyata keçirilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət orqanlarının və qurumlarının, bələdiyyə orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin saxlanılma müddəti göstərilməklə nümunəvi siyahısını və həmin müddətlərin tətbiqi qaydasını təsdiq edir. Dövlət orqanlarının və qurumlarının, bələdiyyə orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan arxiv sənədləri nümunəvi siyahı əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla onların özləri tərəfindən təsdiq edilmiş sahə siyahısına uyğun olaraq müəyyən edilir. Elektron daşıyıcıda olan sənədlər müvafiq sənədlərin kağız daşıyıcıları üçün müəyyən edilmiş müddətdə saxlanılır.

Milli arxiv fondunun xüsusi tarixi-mədəni dəyəri olan arxiv sənədləri və sənəd kolleksiyaları nadir sənəd abidələri hesab olunur.

Muzeylərin və kitabxanaların, ictimai, dini birlik və təşkilatların arxivlərinin dövlət arxiv fondunun sənədləri ilə komplektləşdirilməsi qadağandır.

Milli arxiv fondunun formalaşdırılması mənbələrində yaranan sənədlərin dəyərinin ekspertizası keçirilmədikdə və ya ekspertizanın aparılma qaydaları pozulduqda sənədlərin məhv edilməsi qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver