Qanunvericilik › Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Azərbaycan Respublikasının milli maraqları

Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Azərbaycan Respublikasının milli maraqları - Azərbaycan xalqının fundamental dəyər və məqsədlərinin, habelə insanın, cəmiyyətin və dövlətin inkişaf və tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmuyudur.

6.2. Azərbaycan Respublikasının siyasi sahədə əsas milli maraqları aşağıdakılardır:

6.2.1. dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü;

6.2.2. konstitusiya quruluşunun qorunması, demokratik, hüquqi, dünyəvi dövlətin mövcudluğu;

6.2.3. Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması;

6.2.4. vətəndaş cəmiyyətinin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması;

6.2.5. ictimai-siyasi sabitliyin təmin edilməsi;

6.2.6. kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması;

6.2.7. dünya azərbaycanlılarının həmrəyliyi;

6.2.8. xaricdə yaşayan həmvətənlərimizin hüquqlarının müdafiəsi;

6.2.9. Azərbaycanın dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşaması, bərabər tərəfdaşlıq əsasında beynəlxalq əməkdaşlığın inkişafı, Avropa və dünya birliyinə inteqrasiya;

6.2.10. beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzunun artırılması.

6.3. Azərbaycan Respublikasının iqtisadi sahədə əsas milli maraqları aşağıdakılardır:

6.3.1. iqtisadi potensialın artırılması;

6.3.2. bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdirilməsi;

6.3.3. iqtisadi sabitliyin təmin olunması;

6.3.4. iqtisadiyyatın inkişafı üçün daxili və xarici investisiyalardan ötrü əlverişli şəraitin yaradılması;

6.3.5. təbii və maddi sərvətlərin qorunması və səmərəli istifadə edilməsi;

6.3.6. regional və dünya bazarlarının formalaşdırılmasında və fəaliyyət göstərməsində azad və bərabər hüquqlu iştirakın təmin edilməsi.

6.4. Azərbaycan Respublikasının sosial sahədə əsas milli maraqları Azərbaycan xalqının genofondunun qorunması, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi məqsədilə səhiyyə və sosial müdafiə sisteminin səmərəli fəaliyyət göstərməsidir.

6.5. Azərbaycan Respublikasının hərbi sahədə əsas milli maraqları - dövlətin müdafiə qüdrətinin, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin komplektləşdirilməsinin, döyüşə və səfərbərliyə hazırlığının, hərbi-texniki təchizatının təmin edilməsidir.

6.6. Azərbaycan Respublikasının informasiya sahəsində əsas milli maraqları aşağıdakılardır:

6.6.1. məlumatların qanuni yolla əldə edilməsi, ötürülməsi, hazırlanması və yayılması kimi vətəndaşların konstitusiya hüquqlarının təmin edilməsi;

6.6.2. informasiya ehtiyatlarının qorunması və inkişaf etdirilməsi;

6.6.3. informasiya məkanının formalaşdırılması və onun qorunmasının təmin edilməsi;

6.6.4. dünya rabitə və informasiya sisteminə daxil olma.

6.7. Azərbaycan Respublikasının ekoloji sahədə əsas milli maraqları - cəmiyyətin yaşayışı üçün təhlükəsiz ekoloji və texnoloji şəraitin yaradılmasıdır.

6.8. Azərbaycan Respublikasının elm, mədəniyyət və mənəviyyat sahəsində əsas milli maraqları - Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması və ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk və milli iftixar hissinin, intellektual səviyyəsinin inkişaf etdirilməsi, elmi potensialdan səmərəli istifadə olunması və onun artırılmasıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver