7.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər Azərbaycan Respublikası milli maraqlarının həyata keçirilməsinə mane olan və ya onlara təhlükə yaradan şərait, proses və amillərdir.
7.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər mümkünlüyündən asılı olaraq potensial və real olur.
7.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər mənbələrindən asılı olaraq xarici və daxili təhdidlərdən ibarətdir.
7.4. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə potensial və real, daxili və xarici təhdidlər əsasən ictimai həyatın siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekologiya, elm, mədəniyyət və mənəviyyat sahələrində təzahür edir.
7.5. Siyasi sahədə əsas təhdidlər aşağıdakılardır:
7.5.1. Azərbaycan Respublikasının dövlət müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər;
7.5.2. ictimai-siyasi sabitliyin pozulması;
7.5.3. insan və vətəndaş hüquq və azadlıqlarının pozulması, demokratik təsisatlara qarşı daxili və xarici təzyiqlər;
7.5.4. dövlət orqanlarının təşkilat strukturunun dağıdılması, onların fəaliyyətlərinin pozulması, ölkədə idarəetmə səviyyəsinin aşağı düşməsi;
7.5.5. milli və dini münasibətlərin kəskinləşməsi, separatçılıq, etnik, dini və siyasi ekstremizm hallarının yayılması;
7.5.6. ictimai təhlükəsizliyin pozulması, hüquqpozmaların sosial profilaktikasının səmərəsizliyi, cinayətkarlığın, xüsusən onun mütəşəkkil, transmilli formalarının artması;
7.5.7. qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılması, silahlı qiyamın təşkil edilməsi;
7.5.8. xarici xüsusi xidmət orqanlarının və başqa təşkilatların, həmçinin ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasına qarşı kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyəti;
7.5.9. dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə görə onun həyatına sui-qəsd edilməsi;
7.5.10. digər dövlətlər tərəfindən Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə;
7.5.11. Azərbaycan Respublikasının maraqlarına toxuna bilən mövcud və potensial regional münaqişələrin olması;
7.5.12. beynəlxalq terrorçuluq.
7.6. İqtisadi sahədə əsas təhdidlər aşağıdakılardır:
7.6.1. dövlətin iqtisadi potensialının tükənməsi, yaxud qeyri-səmərəli istifadəsi, milli iqtisadiyyatın digər ölkələrdən maliyyə və texnoloji asılılığının yaranması, boru kəmərlərinin, digər kommunikasiyaların və nəqliyyat dəhlizlərinin fəaliyyətinin pozulması;
7.6.2. iqtisadi əlaqələri nizamlayan dövlət sisteminin pərakəndəliyi, iqtisadiyyatın qeyri-mütənasib inkişafı;
7.6.3. Azərbaycan Respublikasının dünya iqtisadiyyatından təcrid olunması;
7.6.4. maliyyə-kredit sisteminin pozulması, maddi və maliyyə vəsaitlərinin ölkədən qanunsuz çıxarılması;
7.6.5. təbii və maddi sərvətlərin talan edilməsi və səmərəsiz istifadəsi;
7.6.6. investisiya aktivliyinin zəifləməsi.
7.7. Sosial sahədə əsas təhdidlər aşağıdakılardır:
7.7.1. müxtəlif sosial təbəqələr arasında qütbləşmənin kəskinləşməsi, yoxsulluğun və işsizliyin aradan qaldırılması istiqamətində tədbirlərin səmərəsizliyi;
7.7.2. sosial hüquqların pozulması;
7.7.3. demoqrafik vəziyyətin kəskinləşməsi və nəzarətsiz miqrasiya proseslərinin intensivləşməsi;
7.7.4. əhalinin fiziki sağlamlığının təmin edilməsi sahəsində tədbirlərin görülməməsi;
7.7.5. sosial müdafiə sisteminin zəifliyi.
7.8. Hərbi sahədə əsas təhdidlər aşağıdakılardır:
7.8.1. Azərbaycan Respublikasına qarşı təcavüz və gücün tətbiqi və ya tətbiq edilməsi hədəsi, ölkənin müdafiə qabiliyyətinin zəifləməsi;
7.8.2. digər ölkələr tərəfindən Azərbaycan Respublikasının hərbi konfliktlərə, regional münaqişələrə cəlb edilməsi;
7.8.3. xarici ölkələrin Azərbaycan Respublikası ilə sərhədlərinin yaxınlıqlarında yaranmış qüvvələr nisbətini pozan qoşun qruplaşmalarının artırılması;
7.8.4. Azərbaycan Respublikası ilə qonşu olan dövlətlərdə hərbi-siyasi vəziyyətin qeyri-sabit olması, həmsərhəd dövlətlərin ərazisində ölkəmizə qarşı düşmənçilik siyasətini yeridən digər dövlətlərin qoşunlarının yerləşdirilməsi;
7.8.5. Azərbaycan Respublikasına qarşı kütləvi qırğın silahlarının tətbiqi və ya tətbiqinin mümkünlüyü;
7.8.6. kütləvi qırğın silahlarının komponentlərinin və texnologiyalarının, onları hədəfə çatdırma vasitələrinin, yeni hərbi istehsalat texnologiyalarının yayılmasında ölkə ərazisinin tranzit kimi istifadə edilməsi cəhdləri;
7.8.7. silahların məhdudlaşdırılması və ixtisarı barədə beynəlxalq razılaşmaların pozulması;
7.8.8. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsinə yönəlmiş fəaliyyət;
7.8.9. Azərbaycan Respublikasının dövlət sərhədlərindəki ərazilərə, obyektlərə və qurğulara basqın edilməsi, sərhəd münaqişələri və silahlı fitnəkarlıq;
7.8.10. başqa dövlətlərin ərazisində Azərbaycan Respublikasının əleyhinə göndərilməsi üçün silahlı birləşmələrin və qrupların hazırlanması.
7.9. İnformasiya sahəsində əsas təhdidlər aşağıdakılardır:
7.9.1. informasiya texnologiyaları sahəsində geriləmə və dünya informasiya məkanına daxil olmağa maneələrin mövcudluğu;
7.9.2. informasiya azadlığı əleyhinə yönəlmiş qəsdlər;
7.9.3. dövlət sirlərinin aşkarlanmasına yönəlmiş qəsdlər;
7.9.4. digər ölkələr tərəfindən informasiya təcavüzü, beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin təhrif edilməsi;
7.9.5. informasiya sisteminə və ehtiyatlarına qarşı qəsdlər.
7.10. Ekoloji sahədə əsas təhdidlər aşağıdakılardır:
7.10.1. ekoloji tarazlığın pozulması və ekoloji vəziyyətin kəskin pisləşməsi;
7.10.2. ekoloji cəhətdən zərərli texnologiyaların təhlükə yaradacaq miqyaslarda tətbiqi, təsərrüfat obyektlərinin təbii fəlakətlərə, texnogen xarakterli fövqəladə hadisələrə və təxribatlara məruz qalma ehtimalı, epidemiya və epizootiyaların yayılması;
7.10.3. su mənbələrinin, atmosferin və dəniz ətraf mühitinin təhlükəli miqyaslarda çirklənməsi;
7.10.4. ekoloji mədəniyyət səviyyəsinin aşağı olması.
7.11. Elm, mədəniyyət və mənəviyyat sahəsində təhdidlər aşağıdakılardır:
7.11.1. təhsilin keyfiyyət səviyyəsinin, elmi-texniki və intellektual səviyyənin zəifləməsi;
7.11.2. Azərbaycanın tarixinə, dilinə, mədəni irsi və mənəvi sərvətlərinə qəsd edilməsi, onların xarici və daxili təzyiqlərə məruz qalması.
7.12. Azərbaycan Respublikasının milli maraqları, milli təhlükəsizliyinə yaranan təhdidlər və milli təhlükəsizliyin təmin olunması tədbirləri qanunvericiliklə nəzərdə tutulmuş konsepsiyada və onun əsasında hazırlanmış konkret proqramlarda öz əksini tapır.
II Fəsil
Azərbaycan Respublİkasının mİllİ təhlükəsİzlİyİnİn təmİn olunması sİstemİ