Qanunvericilik › Minatəmizləmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmə

Minatəmizləmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Minatəmizləmə fəaliyyəti fəaliyyət planına, tələblərə və standart əməliyyat prosedurlarına uyğun olaraq səlahiyyətli qurum, minatəmizləmə fəaliyyətinə cəlb olunan və bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən dövlət orqanları (qurumları), habelə fiziki və ya hüquqi şəxslər tərəfindən həyata keçirilir.

5.2. Fəaliyyət planına əsasən minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanları (qurumları) aşağıdakılara malik olmalıdırlar:

5.2.1. həyata keçiriləcək minatəmizləmə fəaliyyəti üzrə hazırlanmış daxili əməliyyat prosedurlarına;

5.2.2. müvafiq ixtisaslı minatəmizləyənlərə, habelə onların hüquq və vəzifələrini əks etdirən təlimatlara;

5.2.3. minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi zamanı əməyin mühafizəsinin, o cümlədən təhlükəsizliyin təmin edilməsi imkanına;

5.2.4. heyvanların köməyi ilə partlayıcı sursatların aşkarlanması nəzərdə tutulduğu halda bu fəaliyyətin həyata keçirilməsi imkanına;

5.2.5. minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün vasitə, alət və avadanlıqlara;

5.2.6. minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar təhlükəli ərazinin yaxınlığında ixtisaslı tibb işçilərindən və zəruri tibbi vasitələrlə və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrindən ibarət təcili tibbi yardımın göstərilməsi imkanına.

5.3. Fəaliyyət planına əsasən minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanları (qurumları) bu Qanunun 5.2-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun olmalarının qiymətləndirilməsi üçün həmin tələblərin mövcudluğunu təsdiq edən sənədlər əlavə edilməklə, səlahiyyətli quruma müraciət etməlidirlər. Müraciətə daxil olduğu gündən 30 (otuz) gün müddətində baxılır.

5.4. Dövlət orqanının (qurumunun) bu Qanunun 5.2-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edildikdə, müraciətin daxil olduğu tarixdən ən geci 10 (on) gün müddətində müraciət edənə bu barədə sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat göndərilir. Məlumatda sənədlərdəki uyğunsuzluqlar dəqiq göstərilməlidir. Həmin uyğunsuzluqlar məlumat alındığı tarixdən ən geci 10 (on) gün müddətində aradan qaldırılmalıdır. Bu zaman, bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş müddətin axımı dayandırılır və uyğunsuzluqların aradan qaldırılması barədə məlumat daxil olduqdan sonra müddətin axımı bərpa olunur.

5.5. Minatəmizləmə fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxslərə münasibətdə bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş tələblərlə yanaşı, həmçinin onların idarəetmə, təşkilati və maliyyə-iqtisadi resurslara malik olmalarının müəyyən edilməsi məqsədilə əlaqədar aşağıdakıların mövcudluğu qiymətləndirilir:

5.5.1. hüquqi şəxslərin və xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına, habelə fiziki şəxslərin vergi uçotuna alınması;

5.5.2. fiziki və ya hüquqi şəxsin müqavilə üzrə öhdəliklərinin icrası üçün maliyyə imkanlarına malik olması;

5.5.3. minatəmizləmə fəaliyyəti ilə əlaqədar əvvəl bağlanılmış müqavilə (müqavilələr) üzrə öhdəliklərinin icra vəziyyəti;

5.5.4. tələblərə uyğun idarəetmə sistemlərinin (o cümlədən risklərin, əməliyyatların, məlumatların, təhlükəsizliyin və keyfiyyətin idarəetmə sistemlərinin) tətbiqi və bunu təmin edəcək təşkilati strukturun formalaşdırılması;

5.5.5. minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi zamanı yarana biləcək təhlükələrdən minatəmizləyənlərin bu Qanunun 12.1-ci maddəsinə uyğun sığortalanmasını təmin etmək imkanı.

5.6. Fiziki və ya hüquqi şəxslərin bu Qanunun 5.2-ci və 5.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğunluğunun qiymətləndirilməsi səlahiyyətli qurum tərəfindən müraciət daxil olduğu gündən 60 (altmış) gün müddətində həyata keçirilir. Müraciətə bu Qanunun 5.2-ci və 5.5-ci maddələrində nəzərdə tutulan tələblərin mövcudluğunu təsdiq edən sənədlər əlavə olunur.

5.7. Müraciətə əlavə olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə məlumat müraciətin daxil olduğu tarixdən ən geci 5 (beş) iş günü müddətində müraciət edənə sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada göndərilir. Məlumatda sənədlərdəki çatışmazlıqlar dəqiq göstərilməlidir. Həmin çatışmazlıqlar məlumat alındığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırılmalıdır. Bu zaman, bu Qanunun 5.6-cı maddəsində nəzərdə tutulmuş müddətin axımı dayandırılır və çatışmazlıqların aradan qaldırılması barədə məlumat daxil olduqdan sonra bərpa olunur.

5.8. Bu Qanunun 5.2-ci və 5.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun olduqları müəyyən edildiyi halda müvafiq olaraq bu Qanunun 5.3-cü və 5.6-cı maddələrində nəzərdə tutulmuş müddətlərdə müraciət edənin minatəmizləmə fəaliyyətini həyata keçirməyə uyğun olması barədə, əks halda isə səbəbləri göstərilməklə imtina barədə qərar qəbul edilir və müraciət edənə bu barədə sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat göndərilir.

5.9. Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

5.10. Dövlət orqanlarının (qurumlarının), fiziki və ya hüquqi şəxslərin müraciətləri əsasında səlahiyyətli qurum tərəfindən onların minatəmizləyənlərinə standart əməliyyat prosedurlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada təlimlər keçirilir və təlimlərin nəticəsində qiymətləndirmə aparılaraq sertifikat verilir.

5.11. Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə fiziki və ya hüquqi şəxslər (dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) tərəfindən səlahiyyətli quruma müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə haqq ödənilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver