Qanunvericilik › Minatəmizləmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti

Minatəmizləmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Qeyri-texniki və texniki tədqiqat zamanı toplanılmış, həmçinin dövlət orqanlarından (qurumlarından), fiziki və ya hüquqi şəxslərdən daxil olmuş və ya mediada yayımlanmış məlumatlar əsasında səlahiyyətli qurum təhlükəli ərazilərə dair məlumatları bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan informasiya sisteminə daxil edir.

6.2. Təhlükəli ərazidə minatəmizləmə fəaliyyətinə başlanması barədə icraçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), dövlət sərhədinin mühafizəsi aparılan təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti həyata keçirilərkən isə həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 5 (beş) iş günü əvvəlcədən sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat verməli və bu ərazilərdə minatəmizləmə fəaliyyəti həmin orqanla (qurumla) qarşılıqlı əlaqədə həyata keçirilməlidir.

6.3. Minatəmizləmə fəaliyyətinin həyata keçirildiyi təhlükəli ərazilərdə işin təşkili ilə əlaqədar icraçılar aşağıdakılara riayət etməlidirlər:

6.3.1. şəxslərə və yaxınlıqda yerləşən obyektlərə, habelə ətraf mühitə zərər vurulmasının qarşısının alınması üçün təhlükəsizlik tədbirlərinin görülməsi;

6.3.2. təhlükəli ərazilərlə bağlı xəbərdarlıq və işarələmə sistemlərinin tətbiqi, o cümlədən təhlükəli və təmizlənmiş ərazilərin aydın şəkildə işarələnməsi;

6.3.3. minatəmizləyənlər, mexaniki vasitələr (mexaniki minatəmizləmə maşınları, xüsusi təyinatlı texnikalar və s.) və minatəmizləmə fəaliyyətinə cəlb edilmiş heyvanlar arasında təhlükəsizlik məsafələrinin saxlanılması və nəzarət məntəqələrinin qurulması;

6.3.4. təhlükəli ərazilərdən kənarda zəruri dəstəyin (əməliyyatların icrası üçün zəruri olan kölgələnəcək, səyyar anbar, brifinq zonası, nəqliyyat vasitələrinin duracağı və s.) təşkili;

6.3.5. təhlükəli ərazinin yaxınlığında müvafiq ixtisaslı tibb işçilərindən, zəruri tibbi vasitələrlə və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrindən ibarət təcili tibbi yardımın təşkili.

6.4. İcraçı fəaliyyət planına uyğun olaraq ona həvalə edilmiş təhlükəli ərazilər üzrə bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan informasiya sisteminin məlumat bazasının məlumatlarından istifadə etməklə qeyri-texniki tədqiqat aparır və onun nəticələri əsasında müvafiq ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan texniki tədqiqat planını tərtib edir və səlahiyyətli qurumla razılaşdırılmaqla icra edir.

6.5. İcraçı bu Qanunun 6.4-cü maddəsində göstərilən texniki tədqiqat planının icrası nəticələrinə uyğun olaraq hazırlanmış hesabat əsasında təmizləmə planı tərtib edir və səlahiyyətli qurumla razılaşdırılmaqla icra edir.

6.6. Texniki tədqiqat və təmizləmə bu Qanunun 5.10-cu maddəsinə uyğun olaraq qiymətləndirilmədən müvəffəqiyyətlə keçmiş və müvafiq sertifikata malik minatəmizləyənlər tərəfindən yerinə yetirilir.

6.7. Aşkar edilmiş partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi tələblərə və standart əməliyyat prosedurlarına uyğun olaraq həyata keçirilir. Partlayıcı sursatların zərərsizləşdirilməsi və ya yerləşdiyi ərazidən çıxarılması mümkün olmadıqda onlar həmin ərazidə məhv edilir. Zərərsizləşdirilmiş və yerləşdiyi ərazidən çıxarılmış partlayıcı sursatlar təhlükəsizlik qaydalarına riayət etməklə daşınaraq bu məqsədlə ayrılmış yerlərdə məhv edilir.

6.8. Partlayıcı sursatların məhv edilməsi zamanı partlayışla əlaqədar ərazi üzərində hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tələblərə uyğun olaraq azı 3 (üç) iş günü əvvəlcədən rəsmi qaydada məlumatlandırılmalıdır.

6.9. Bu Qanunun 6.4-cü və 6.5-ci maddələrində nəzərdə tutulan fəaliyyətin nəticələrini əks etdirən hesabatlar təmizləmə planının icrası yekunlaşdıqdan sonra, bu Qanunun 6.7-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətin nəticəsini əks etdirən hesabat isə partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi işləri başa çatdıqdan sonra ən geci 5 (beş) iş günü müddətində icraçı tərəfindən səlahiyyətli quruma təqdim edilir.

6.10. Minatəmizləmə fəaliyyəti zamanı aşkar edilmiş odlu silah və onun əsas hissələri, habelə təhlükəli maddələr, səlahiyyətli qurum sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumatlandırılmaqla, icraçı tərəfindən akt əsasında dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verilir.

6.11. Minatəmizləmə fəaliyyəti zamanı aşkar edilən əşyanın mədəni və ya tarixi əhəmiyyətə malik olması ehtimalı olarsa, həmin ərazidə işlər dayandırılır və əraziyə kənar şəxslərin daxil olmasının qarşısının alınması təmin edilməklə icraçı tərəfindən dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat verilir.

6.12. Minatəmizləmə fəaliyyəti zamanı insan meyiti (meyit hissələri) və ya qalıqları aşkarlandıqda həmin ərazini qorumaq şərtilə icraçı tərəfindən bu barədə dərhal aidiyyəti hüquq mühafizə orqanlarına rəsmi qaydada məlumat verilir.

6.13. Minatəmizləmə fəaliyyəti həyata keçirilmiş ərazilər və bu zaman aşkar edilmiş partlayıcı sursatlar barədə məlumatlar bu Qanunun 9.2-ci maddəsinə uyğun olaraq bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan informasiya sisteminə daxil edilməlidir.

6.14. Səlahiyyətli qurum tərəfindən təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti bu Qanunun 6.2 – 6.12-ci maddələrinin tələbləri nəzərə alınmaqla fəaliyyət planı əsasında həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver