Qanunvericilik › Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Audiovizual əsərlərə müəlliflik hüququ

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Audiovizual əsərin müəllifləri (şərikli müəllifləri) aşağıdakılardır:

quruluşçu rejissor;

ssenari müəllifi;

quruluşçu rəssam;

quruluşçu operator;

xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin (mətnli, yaxud mətnsiz) müəllifi (bəstəkar).

Audiovizual əsərin ssenarisinin hazırlanmasında istifadə olunmuş, yaxud audiovizual əsər üzərində iş prosesində yaradılmış və ya audiovizual əsərin tərkibinə hissə kimi daxil edilmiş əsərin müəllifi öz hissəsinə münasibətdə audiovizual əsərin müəllifi sayılır.

Öz əsərinin audiovizual əsərin tərkibinə daxil edilməsinə razılıq vermiş əsər müəlliflərinin audiovizual əsərin istifadəsini qadağan etmək və ya hər hansı şəkildə məhdudlaşdırmaq hüququ yoxdur.

2. Audiovizual əsərin yaradılmasına dair müəlliflərlə filmin istehsalçısı (prodüseri) arasında bağlanmış müəllif müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, müəlliflər tərəfindən bu müqaviləyə əsasən audiovizual əsərin istehsalçısına (prodüserinə) həmin əsərin surətinin çıxarılması, yayılması, kütləvi ifası, kütləvi nümayişi, kabel televiziyası ilə kütləvi bildirişi, efirə verilməsi və ya hər hansı başqa şəkildə kütləvi bildirişi, həmçinin mətnin subtitrləşdirilməsi və dublyaj edilməsi üçün müstəsna hüquqlar verilmiş olur. Göstərilən hüquqlar audiovizual əsərə müəlliflik hüququnun qüvvədə olduğu müddətdə qüvvədə qalır.

Audiovizual əsər istehsalçının həmin əsərdən hər hansı şəkildə istifadə olunarkən özünün və ya təşkilatın adını göstərmək, yaxud göstərilməsini tələb etmək hüququ vardır.

3. Xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin (mətnli, yaxud mətnsiz) müəllifi audiovizual əsərin kütləvi ifası zamanı öz musiqili əsərinin kütləvi ifasına görə müəllif qonorarı almaq hüququnu saxlayır.

4. Audiovizual əsərin müəlliflərinin audiovizual əsərin orijinalının və ya nüsxələrinin kommersiya məqsədi ilə kirayəyə verilməsinə və ya digər üsullarla istifadə edilməsinə görə qonorar almaq hüququ vardır. Həmin qonorar bu əsərə hüquq sahibi və ya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçi arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq ödənilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver