1. Təsviri sənət əsərinin müəllifinin, habelə yazıçının və ya bəstəkarın mülkiyyətçidən və ya digər hüquq sahibindən öz əsərinin və ya əlyazmalarının surətini çıxarmaq ixtiyarının həyata keçirilməsinə imkan verilməsini tələb etmək hüququ vardır (təmasda olmaq hüququ). Bununla belə, mülkiyyətçidən əsərin müəllifə çatdırılmasını tələb etmək olmaz.
2. Bu maddənin 1-ci hissəsində göstərilən əsərlərə mülkiyyət hüququnun müəllifdən başqa şəxsə keçməsi əsərin birinci satışı kimi qəbul edilir (əvəzi ödənilməklə və ya ödənilməməklə).
Təsviri sənət əsərlərinin orijinallarının və ya yazıçı və bəstəkarın əlyazmalarının mülkiyyət hüququnun birinci dəfə başqa şəxsə keçməsindən sonra hər dəfə onların orijinallarının açıq (hərrac, təsviri sənət əsərləri qalereyası, bədii salon, mağaza vasitəsi ilə və s.) satışı zamanı müəllifin və ya onun vərəsələrinin, əgər sonrakı satış qiyməti əvvəlki satış qiymətindən 20% çox olarsa, satış qiymətinin 5%-ni almaq hüququ (izləmə hüququ) vardır.
Göstərilən hüquq müəllifin sağlığında ayrılmazdır və ancaq qanun üzrə və ya vəsiyyətnamə ilə müəlliflik hüququnun qüvvədə olduğu müddətdə müəllifin vərəsələrinə keçir.