Qanunvericilik › Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Əsərlərdən və fonoqramlardan şəxsi məqsədlər üçün istifadə

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı ödəmədən fiziki şəxsin qanuni dərc edilmiş əsərdən, bu maddənin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, gəlir götürmədən ancaq şəxsi məqsədlər üçün bir nüsxə hazırlanmasına yol verilir.

2. Bu maddənin 1-ci hissəsinin müddəaları aşağıdakı hallarda tətbiq olunmur:

memarlıq əsərinin bina və ona oxşar tikili formasında surətinin çıxarılması;

məlumat bazalarının və ya onların əsas hissələrinin surətinin çıxılması;

bu Qanunun 24-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kompüter proqramlarının surətinin çıxarılması;

kitabların (bütövlükdə), not mətnlərinin və təsviri sənət əsərlərinin orijinallarının reprosurətinin çıxarılması (reprosurətçıxarma).

interaktiv bildiriş vasitəsi ilə kütləyə çatdırılmış əsərin icazəsiz surətinin çıxarılması;

interaktiv bildiriş vasitəsi ilə kütləyə çatdırılmış əsərdən normal istifadəyə zərər vuran və ya müəllifin maraqlarını əsassız olaraq məhdudlaşdıran hər hansı surətçıxarma.

3. Şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarılarkən audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır. Göstərilən qonorar istehsalçı, yaxud surətçıxarma üçün istifadə olunan avadanlığın (audio və videomaqnitafonlar, başqa avadanlıqlar) və maddi daşıyıcıların (səs (və ya) videolent və kasetlər, lazer diskləri və digər maddi daşıyıcılar) idxalçısı tərəfindən ödənilir.

Bu maddədə göstərilən qonorarın minimum məbləği, bölüşdürülməsi və ödənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

4. Bu maddənin 3-cü hissəsində göstərilən qonorarın yığılması və bölüşdürülməsi müəllif, ifaçı və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat tərəfindən onların arasında bağlanmış müqaviləyə uyğun olaraq həyata keçirilir (bu Qanunun 42-ci maddəsi). Göstərilən müqavilədə başqa hal nəzərdə tutulmadıqda, qonorar aşağıdakı qaydada bölüşdürülür: 40% — müəlliflərə, 30% — ifaçılara, 30% — fonoqram istehsalçılarına.

Qonorarın məbləği və ödənilməsi şərtləri, bir tərəfdən göstərilən istehsalçı və ya idxal edən, digər tərəfdən müəllif, ifaçı və audiovizual əsər və fonoqram istehsalçıları, yaxud onların əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar arasında bağlanmış müqavilə ilə, tərəflərin razılıq əldə edə bilmədikləri hallarda isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən edilir.

Bu maddənin 1-ci hissəsində göstərilən qaydada şəxsi məqsədlər üçün əsərin surətinin çıxarılmasına görə qonorarın bölüşdürülməsi müəlliflər və ya müəlliflik hüquqlarının digər sahibləri, ifaçılar və fonoqram istehsalçıları arasında adi qaydada həyata keçirilir.

5. Bu maddənin 3-cü hissəsində göstərilən avadanlıq və maddi daşıyıcılar ixrac edildikdə və ev şəraitində istifadə üçün nəzərdə tutulmayan professional avadanlıq olduqda onlara görə qonorar ödənilmir.

Göstərilən avadanlığı və materialları fiziki şəxslər ancaq şəxsi məqsədlər üçün idxal edərkən də qonorar ödənilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver