1. Müəllif müqaviləsində aşağıdakılar müəyyən olunmalıdır: əsərdən istifadə üsulları (belə müqavilə üzrə verilən konkret hüquqlar); hüquqların verildiyi müddət və ərazi; qonorarın məbləğlərinin və (və ya) əsərdən istifadənin hər növünə görə qonorarın məbləğlərinin müəyyən edilməsi qaydaları; ödəniş qaydaları və müddəti, həmçinin tərəflərin mühüm hesab etdikləri digər şərtlər.
Müəllif müqaviləsində əsərdən istifadənin üsulları haqqında şərt olmadıqda (müəllif müqaviləsi üzrə verilən konkret hüquqlar), müqavilə onu bağlayan tərəflərin istəklərinin əldə edilməsi üçün vacib hesab etdikləri istifadə üsuluna görə bağlanmış hesab oluna bilər.
Müəllif müqaviləsində istifadənin müddəti haqqında şərt olmadıqda həmin müqavilə bağlandığı tarixdən 5 il keçəndən sonra müəllif tərəfindən pozula bilər, həm də istifadəçi müqavilənin pozulması haqqında 6 ay əvvəldən yazılı xəbərdar edilməlidir.
Müəllif müqaviləsində ərazi haqqında şərt olmadıqda, müqavilə üzrə nəzərdə tutulan hərəkətlər Azərbaycan Respublikasının ərazisi ilə məhdudlaşdırılır.
2. Müəllif müqaviləsi üzrə müəllif haqqı əsərdən müvafiq üsulla istifadəyə görə alınan gəlirdən faizlə, əgər əsərin xarakteri və ya istifadə xüsusiyyətləri ilə bağlı gəliri müəyyən etmək mümkün deyilsə, onda müqavilədə konkret məbləğ göstərilməklə və ya başqa şəkildə müəyyən edilir.
3. Müəllif müqaviləsinin müəllifin gələcəkdə müəyyən mövzuda və ya müəyyən sahədə əsər yaratmaq imkanlarını məhdudlaşdıran və bu Qanunun müddəalarına zidd olan şərtləri etibarsızdır.
4. Müəllif müqaviləsi yazılı şəkildə bağlanmalıdır.
III bölmə
Əlaqəlİ hüquqlar