1. İfaçılar, fonoqram istehsalçıları və yayım təşkilatları əlaqəli hüquqların subyektləridir. Əlaqəli hüquqlar bu Qanunun 2-ci bölməsində nəzərdə tutulmuş müəlliflik hüquqlarına zərər vurmadan həyata keçirilir.
2. Fonoqram istehsalçısı və yayım təşkilatı bu bölmədə nəzərdə tutulan hüquqları ifaçı və fonoqrama yazılan və ya efirlə, yaxud kabel televiziyası ilə verilən əsərin müəllifi ilə bağlanan müqavilə üzrə aldığı hüquqlar həddində həyata keçirir.
3. İfaçı bu bölmədə nəzərdə tutulan hüquqları, ifa olunan əsərin müəllifinin hüquqlarına riayət etmək şərti ilə həyata keçirir.
3-1. Reklam yaradıcısı və reklam istehsalçısı bu Qanunda nəzərdə tutulan şərtlər hüdudunda əlaqəli hüquqların subyektidirlər.
4. Əlaqəli hüquqların yaranması və həyata keçirilməsi üçün hər hansı formal qayda tələb olunmur. Fonoqram istehsalçısının və (və ya) ifaçının öz hüquqlarını bildirməsi üçün əlaqəli hüquqları qoruma nişanından istifadə etmək hüququ vardır; bu nişan fonoqramın hər nüsxəsində və (və ya) onun içinə qoyulduğu qutuda göstərilir və üç ünsürdən ibarət olur:
dairəyə alınmış R latın hərfi — ®;
əlaqəli hüquqların sahibinin adı;
fonoqramın ilk dəfə istehsal olunduğu il.
5. Əlaqəli hüquqların obyektlərinə müstəsna hüquq sahibləri onları əlaqəli hüquqların qüvvədə olduğu müddətdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan keçirə bilərlər. Bu halda əlaqəli hüquqların obyektlərinin qeydiyyatı haqqında nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir.