1. Fonoqram istehsalçısı, bu Qanunla nəzərdə tutulan hallardan başqa, fonoqramın hər hansı istifadəsinə görə haqq almaq hüququ da daxil olmaqla, fonoqramdan istənilən formada istifadə üçün müstəsna hüquqa malikdir.
2. Fonoqramdan istifadəyə müstəsna hüquq aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi və ya qadağa qoymağı bildirir:
a) fonoqramın birbaşa və dolayı yolla surətinin çıxarılması;
b) fonoqramda dəyişiklik edilməsi və ya onun başqa cür yenidən işlənilməsi;
c) fonoqramın orijinalının və ya nüsxələrinin satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yayılması. Fonoqramın qanuni dərc olunmuş (buraxılmış) nüsxələri satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə mülki dövriyyəyə buraxılmışdırsa, həmin nüsxələrin sonradan fonoqram istehsalçısının razılığı olmadan və haqq ödənilmədən ölkə ərazisində yayılmasına yol verilir;
ç) fonoqram istehsalçısının icazəsi ilə istehsal edilmiş nüsxələr də daxil olmaqla, fonoqram nüsxələrinin yaymaq məqsədi ilə idxal edilməsi;
d) fonoqramın orijinalının və ya nüsxələrinin fonoqram istehsalçısının razılığı ilə yayılmasından sonra, orijinala və nüsxələrə mülkiyyət hüququndan asılı olmayaraq, kirayəyə verilməsi;
e) fonoqramın interaktiv istifadə üçün kütləyə çatdırılması (interaktiv kütləvi bildiriş).
3. Fonoqram istehsalçısının bu maddənin 2-ci hissəsi ilə nəzərdə tutulmuş müstəsna hüquqları müqavilə əsasında başqa şəxslərə verilə bilər.