1. İfaçının aşağıdakı şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları vardır:
ad hüququ;
ifanı ifaçının şərəf və ləyaqətinə xələl gətirə biləcək hər hansı təhrif, dəyişmə və digər qəsdlərdən müdafiə etmək hüququ (şöhrətinə hörmət edilməsi hüququ);
ifadan bu Qanunda nəzərdə tutulan hallardan başqa, istifadənin hər növünə görə qonorar almaq hüququ da daxil olmaqla, hər hansı formada istifadəyə müstəsna hüquq.
2. İfadan istifadəyə müstəsna hüquq aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi və ya qadağa qoymağı bildirir:
a) ifanın efirlə və ya kabellə kütləvi bildirişi, əgər belə bildiriş üçün istifadə olunan ifa əvvəllər efirlə ötürülməmişdirsə, yaxud yazılmadan istifadə etmədən həyata keçirilirsə;
b) əvvəllər yazılmamış ifanın yazılması;
c) ifanın yazılmasının birbaşa və ya dolayı yolla surətinin çıxarılması;
ç) ifanın ilkin halda kommersiya məqsədi olmadan hazırlanmış yazılmasının efirlə və ya kabellə bildirişi;
d) fonoqrama yazılmış ifanın orijinalının və ya nüsxələrinin satışı, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yayılması. Fonoqrama yazılmış ifanın orijinalı və ya nüsxələri satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə qanuni şəkildə mülki dövriyyəyə buraxılmışdırsa, sonradan ifaçının razılığı olmadan və ölkə ərazisində haqq ödənilmədən onların yayılmasına yol verilir;
e) fonoqrama yazılmış ifanın orijinalının və ya nüsxələrinin hətta ifaçının razılığı ilə yayılmasından sonra, orijinala və nüsxələrə mülkiyyət hüququndan asılı olmayaraq, kirayəyə verilməsi;
ə) fonoqrama yazılmış ifanın interaktiv istifadə üçün kütləyə çatdırılması (interaktiv kütləvi bildiriş).
3. Bu maddənin 2-ci hissəsi ilə müəyyən olunan səlahiyyətlər ifaçı, ifanın kollektiv ifaçılar tərəfindən ifa olunduğu halda isə həmin kollektivin rəhbəri tərəfindən istifadəçi ilə bağlanmış yazılı müqavilə əsasında həyata keçirilir.
4. İfaçı ilə yayım təşkilatı arasında ifanın efirlə və ya kabel televiziyası ilə bildirişi üçün müqavilə bağlanması, əgər bu, ifaçı ilə yayım təşkilatı arasında bağlanmış müqavilədə birbaşa nəzərdə tutulursa, bu maddənin 2-ci hissəsinin “a”, “b” və “c” bəndlərində göstərilən hüquqlarının ifaçı tərəfindən verilməsini bildirir. Bu cür istifadəyə görə ifaçıya veriləsi qonorarın məbləği göstərilən müqavilə ilə müəyyənləşdirilir.
5. İfaçı ilə audiovizual əsərin istehsalçısı arasında audiovizual əsərin yaradılmasına görə müqavilə bağlanması ifaçı tərəfindən bu maddənin 2-ci hissəsində göstərilən hüquqların verilməsini bildirir. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, ifaçı tərəfindən belə hüquqların verilməsi audiovizual əsərlərin istifadəsi ilə məhdudlaşdırılır. Audiovizual əsərdə qeydə alınmış səs və təsvirlərdən ayrı-ayrılıqda istifadə hüququ istisna edilir.
6. İfaçı ilə fonoqram istehsalçısı arasında ifanın fonoqrama yazılmasına görə müqavilə bağlanması ifaçı tərəfindən fonoqramın kirayəyə verilməsi hüququnun verilməsini bildirir (bu maddənin 2-ci hissəsinin “e” bəndi); ifaçı həmin fonoqram nüsxələrinin kirayəyə verilməsinə görə qonorar almaq ixtiyarını saxlayır.
7. Xidməti vəzifə və ya işəgötürənin xidməti tapşırığını yerinə yetirmək qaydasında yaradılmış ifaya görə ifaçının ad və şöhrətinə hörmət edilməsi hüququ vardır. Əgər aralarındakı müqavilədə başqa hal nəzərdə tutulmazsa, həmin ifadan istifadəyə müstəsna hüquq, ifaçının əmək münasibətlərində olduğu şəxsə məxsusdur.
8. İfaçının bu maddənin 2-ci hissəsi ilə nəzərdə tutulmuş müstəsna hüquqları müqavilə üzrə başqa şəxslərə verilə bilər.