Qanunvericilik › Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 41

Maddə 41. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların yaradılması

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Onlar müvafiq qaydada dövlət qeydiyyatına alınırlar. Həmin təşkilatlara qanunvericiliklə mədəniyyət təşkilatlarına verilən güzəştlər şamil edilir.

2. Müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrı-ayrı təşkilatların, yaxud bir kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin bir növ hüquqlarını idarə edən təşkilatların yaradılmasına yol verilir.

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdə və əlaqəli hüquqların obyektlərindən həmin məqsədlə istifadə etmək hüququ yoxdur. Bu cür təşkilatlar müəlliflər və əlaqəli hüquqların sahibləri tərəfindən yaradılır.

Həmin təşkilatların fəaliyyətinə rəqabət qanunvericiliyi üzrə nəzərdə tutulan məhdudiyyətlər tətbiq edilmir.

Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər.

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil edirlər və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər.

3. Dövlət qeydiyyatına alınmış əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan (akkreditasiyadan) keçirlər. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların fəaliyyətinin bu Qanunun tələblərinə uyğun olaraq həyata keçirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilir.

Bu qanunun tələblərinə əməl etməyən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hüquq pozuntularının aradan qaldırılması barədə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun yazılı tələblərini icra etmədikdə bu orqan tərəfindən həmin təşkilatın akkreditasiyasının ləğvi barədə əsaslandırılmış qərar qəbul edilir. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum akkreditasiyasının ləğvi barədə qərar qəbul edilmiş əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların ləğvi haqqında məhkəməyə müraciət edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver