Qanunvericilik › Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Qeyri-kommersiya təşkilatları üçün mühasibat uçotunun aparılması, hesabat dövrü, maliyyə hesabatlarının təqdim və dərc edilməsi

Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Büdcə təşkilatları üçün hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

14.1-1. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş təşkilatlar mühasibat uçotunun aparılmasını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun həyata keçirirlər.

14.2. Bələdiyyə orqanlarının yerli büdcənin icrası haqqında maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydaları “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

14.3. Büdcə təşkilatlarının bu qanuna uyğun olaraq təqdim etdikləri maliyyə hesabatları “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının illik dövlət büdcəsi haqqında qanunları və büdcə sisteminə aid olan digər müvafiq normativ hüquqi aktlar əsasında tələb olunan maliyyə hesabatlarını əvəz etmir.

14.4. Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

14.4-1. Qeyri-hökumət təşkilatları mühasibat uçotunun aparılmasını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun həyata keçirirlər.

14.6. Siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə mediada dərc etdirirlər.

14.7. Bu Qanunun 13.4-cü maddəsində nəzərdə tutulmuş təşkilatlar mühasibat uçotunun aparılmasını, iş xüsusiyyətlərindən asılı olaraq, bu Qanunla müəyyən edilmiş müvafiq uçot qaydalarına uyğun həyata keçirirlər. Həmin təşkilatların maliyyə hesabatları üçün hesabat dövrü bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş müddətlərə uyğun müəyyən edilir və bu təşkilatlar hesabat dövrü başa çatdıqdan sonra, illik maliyyə hesabatlarını növbəti ilin aprel ayının 30-dan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını isə, növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təsisçiyə, habelə qanunla və nizamnamələri ilə müəyyən edilmiş şəxslərə təqdim etməlidirlər.

14.8. Qeyri-kommersiya təşkilatlarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında vergi orqanlarına təqdim etdikləri vergi hesabatları bu Qanunun tələblərinə uyğun olaraq təqdim etdikləri maliyyə hesabatlarını əvəz etmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver