14.1. Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirilir. Cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, narkoloji xəstəliklərin narkoloji sahədə qeyri-ixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsi, habelə narkoloji sahədə qeyri-ixtisaslaşdırılmış tibb müəssisələrinin nəzdində narkoloji bölmələrin yaradılması qadağandır. Hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmir.
14.2. Dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxs bu fəaliyyəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirir.
14.3. Narkoloji yardım sahəsində fəaliyyət göstərən hər bir narkoloji tibb müəssisəsinə xüsusi razılığın verilməsi barədə bildiriş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat bankına daxil edilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına dərhal göndərilməlidir. Həmin bildirişdə təşkilatın tam adı, hüquqi ünvanı, razılığın müddəti, müəssisənin təsisçiləri barədə məlumatlar göstərilməlidir.
14.4. Narkoloji tibb müəssisələrinin rəhbərləri həmin müəssisələrdə işləyən tibbi heyətin və xəstələrlə əlaqədə olan digər şəxslərin narkoloji xəstələr tərəfindən törədilə biləcək təhlükəli hərəkətlərdən mühafizəsini təmin etməyə borcludurlar. Narkoloji tibb müəssisələrində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14.5. Narkoloji xəstələrin psixoloji reabilitasiya və psixoloji korreksiyasını təmin etmək məqsədilə hər bir narkoloji tibb müəssisəsində klinik (tibbi) psixoloq olmalıdır.